QAN YADDAŞI
Linköpinq Universitetinin tələbələri Xocalı soyqırımı barədə məlumatlandırılıblar VİDEO
Stokholm, 27 fevral, AZƏRTAC
İsveçin Linköpinq Universitetinin tələbələri Xocalı soyqırımı barədə məlumatlandırılıblar.
Leksiya şəkilində baş tutan tədbir Azərbaycanın İsveçdəki səfirliyinin və İsveçin Gənc Azərbaycanlıları təşkilatının dəstəyi ilə keçirilib.
Tədbirdə Xəzər Universitetinin siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə mühazirə ilə çıxış edib. O, Qara və Xəzər dənizləri ətrafı regionunda baş verən müxtəlif münaqişələr və təhlükəsizliyə olan təhdidlər barədə danışıb.
Sonra Muxtar Hacızadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq bu problemin yaranma səbəbləri və erməni tərəfinin xalqımıza qarşı keçirdiyi Xocalı soyqırımı barədə danışıb. Bildirib ki, 23 il əvvəl erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu kütləvi qırğın nəticəsində 613 nəfər bir gecənin içində Xocalı şəhərinə hücum edən erməni qoşunları tərəfindən xüsusi amansızlıqla öldürülüb. Baş verən qırğın nəticəsində bir şəhər tam olaraq məhv edilib. Ermənistan silahlı qüvvələri insanlığa sığmayan işgəncələrlə XX əsrdə insan hüquqlarının bərqərar olduğu zamanda yüzlərlə adamı öldürərək soyqırımı aktı törədiblər. M.Hacızadə dünya birliyi tərəfindən bu hadisələrə lazımi qiymət verilməli olduğunu deyib.
M.Hacızadə vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının törədilməsi faktı, baş verən hadisələrə ədalətli yanaşmanın bərqərar olmaması regional əməkdaşlıq cəhdlərinə fundamental təhlükə yaratmağa davam edir. Bu isə öz növbəsində bütün regiona mənfi təsir edir.
Debat və sual-cavab formatında davam edən tədbirdə İsveçdəki Azərbaycan səfirliyi tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış məlumat broşürləri və faciəni əks etdirən disklər mərasim iştirakçılarına təqdim olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm