İQTİSADİYYAT


Lisa Givert: TAP tezliklə İtaliyadakı işlərini bərpa etməyi planlaşdırır

Bakı, 21 aprel, Nihad Budaqov, AZƏRTAC

TAP konsorsiumu tezliklə İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsini davam etdirəcək.

Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

"Məhkəmənin qərarından sonra TAP nəzərdə tutulan qrafikdən geridə qalmamaq üçün mümkün qədər tez bir zamanda İtaliyadakı fəaliyyətini bərpa edəcək. TAP bu prosesdə iştirak edən bütün hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirir. Bütün işlər təhlükəsiz gedəcəyi halda bir neçə gün ərzində boru kəməri marşrutu boyunca qalan zeytun ağacları da köçürüləcək. İtaliyanın müvafiq dövlət qurumları tərəfindən verilən icazələrə uyğun olaraq TAP-ın zeytun ağaclarının çıxarılması və köçürülməsini həyata keçirmək hüququ var", - deyə L.Givert əlavə edib.

Qeyd edək ki, Roma İnzibati Məhkəməsi TAP-ın bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 minədək, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları arasında bölgü belədir: BP - 20 faiz, “Cənub Qaz Dəhlizi” QSC - 20 faiz, “Snam S.p.A.” - 20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz və “Axpo” - 5 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.