İQTİSADİYYAT
Litva Azərbaycanda dövlət işədüzəltmə xidmətlərinin modernləşdirilməsinə kömək edəcək
Vilnüs, 8 fevral, AZƏRTAC
Avropa İttifaqının “Əkizlər” proqramı çərçivəsində “Azərbaycan Respublikasında dövlət işədüzəltmə xidmətlərinin modernləşdirilməsində Əmək və Sosial Müdafiə Nazirliyinə kömək” layihəsi Litvanın başçılıq etdiyi konsorsium tərəfindən həyata keçiriləcək.
Litva, Avstriya və İsveç konsorsiumunun layihəsi seçim prosesində təklif edilən digər üç layihədən üstün hesab edilib.
Bu layihənin məqsədi Azərbaycanda dövlət məşğulluq xidmətinin fəaliyyətini və idarə olunmasını modernləşdirmək, ictimai məşğulluq xidmətləri tərəfindən təqdim olunan xidmətləri genişləndirmək və təkmilləşdirməkdir. Litvanın Sosial Təminat və Əmək Nazirliyi, Litva Əmək Birjası, habelə Avstriya və İsveç ekspertləri iki il ərzində işəgötürənlərin və iş axtaran şəxslərin ehtiyaclarına səmərəli münasibət bildirməyə kömək edən işədüzəltmə sistemi yaradılmasında azərbaycanlı həmkarlarına kömək edəcəklər. Layihənin maliyyə və logistika baxımından idarəsi Layihələrin idarə olunması üzrə Mərkəzi Agentlik təmin edəcək. Avropa Komissiyası bu layihənin həyata keçirilməsi üçün 1,2 milyon avro vəsait ayıracaq.
Bu, Avropa İttifaqının “Əkizlər” proqramı çərçivəsində Azərbaycanda Litvanın iştirakı ilə həyata keçirilən altıncı layihədir.
Aİ-nin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Əkizlər” proqramı müxtəlif ölkələrin oxşar təsisatlarının əməkdaşlığını dəstəkləyir, onların zəruri islahatlar keçirməsinə kömək edir. Bu proqram çərçivəsində 2004-cü ildən ekspert köməyi göstərən Litva Aİ-nin “Əkizlər” proqramı çərçivəsində 66,5 milyon avrodan artıq məbləğdə 77 layihənin seçimində qalib gəlib. Avropa Komissiyasının 2013-2015-ci illər üzrə məlumatına görə, Litva Aİ-nin “Əkizlər” proqramında Fransa, Almaniya, İspaniya və Avstriyadan sonra ən uğurlu Aİ dövlətləri beşliyinə daxildir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs