CƏMİYYƏT


Litva Jurnalistlər İttifaqının vitse-prezidenti Azərbaycanda səfərdədir

A+ A

Bakı, 26 avqust, AZƏRTAC 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti, “Alkas.lt” internet portalının redaktoru Audris Antanaytis və həmin media orqanının fotomüxbiri Arunas Sartanaviçüs Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ilə görüşüblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə H.Hacıyev litvalı jurnalistləri ölkəmizin xarici siyasəti, regional mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında məlumatlandırıb. Bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü artıq 20 ildən çoxdur davam edir. İlk növbədə bu suala cavab verməliyik ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması baş verir? Çünki Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Ermənistan, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıb və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

XİN-in rəsmisi məlumat verib ki, Ermənistanın son illər nümayiş etdirdiyi qeyri-konstruktiv əməllərin əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir. “Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa “bu münaqişənin dondurulmuş olduğunu” iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

Görüşdə iştirak edən BAMF sədri Umud Mirzəyev 1988-1989-cu illərdə azərbaycanlıların Ermənistandakı doğma yurdlarından çıxmağa məcbur edilməsi, deportasiyası haqqında informasiya və faktları qonaqların diqqətinə çatdırıb.

Daha sonra litvalı jurnalistlər Litvanın Azərbaycandakı səfirliyində olublar. Səfir Valdas Lastaukas onlara Azərbaycan-Litva əlaqələri ilə bağlı geniş müsahibə verib.

Litvalı jurnalistlər Azərbaycanda olduqları günlərdə hazırladıqları reportajları “Alkas.lt” internet portalında yerləşdirəcəklər. Səfər çərçivəsində onların Azərbaycanın ictimai xadimləri, rəsmi qurumların nümayəndələri ilə, həmçinin qaçqın və məcburi köçkünlərlə görüşləri, həmçinin Quba, Füzuli və Tərtər rayonlarına səfərləri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.