SİYASƏT
Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Seyminə seçkilərin lideridir
Vilnüs, 24 oktyabr, AZƏRTAC
Litva Seyminə seçkilərin bazar günü keçirilmiş ikinci turunda Litva Kəndlilər və Yaşıllar İttifaqı inamlı qələbə qazanıb.
Bu gecə saat birin yarısında ölkənin 68 seçki dairəsindəki bütün 1122 seçki dairəsindən Baş Seçki Komissiyasına daxil olmuş məlumatlara görə, Kəndlilər və Yaşıllar İttifaqının nümayəndələri ölkə parlamentinə 35 mandat qazanıblar.
Litva Xristian Demokratlarının Vətən İttifaqından olan namizədlər 11 mandat, Liberallar Hərəkatı 6, Sosial-Demokratlar 4, Asayiş və Ədalət Partiyası 3, Litva Polyaklarının Seçki Aksiyası – Xristian Ailələr İttifaqı 3 mandat, Əmək Partiyası 2 mandat qazanıb.
Litva Yaşıllar Partiyası, N.Puteyskis və K.Krivitskasın Koalisiyası, həmçinin “Litva siyahısı” Partiyası hərəyə bir mandat qazanıblar.
Seçkilərin ikinci turunda dörd müstəqil namizəd qalib gəlib.
Litva Seymi 141 deputatdan ibarətdir. Onlardan 71-i birmandatlı dairələrdə birbaşa səsvermə yolu ilə, 70-i isə çoxmandatlı dairələrdə partiya siyahıları üzrə seçilir.
Seymə seçkilərin birinci turu iki həftə bundan əvvəl keçirilib. Partiyaların həmin turda qazandıqları mandatlar da nəzərə alınmaqla Litva Kəndlilər və Yaşıllar ittifaqı Seymdə 54 nümayəndə ilə, Litva Xristian Demokratların Vətən İttifaqı 31, Sosial-Demokratlar 17, Liberallar Hərəkatı 14, Litva Polyaklarının Seçki Aksiyası – Xristian Ailələr İttifaqı 8, Asayiş və Ədalət partiyası 8, müstəqil namizədlər 4, Əmək Partiyası iki nümayəndə ilə təmsil olunacaq. Litva Yaşıllar Partiyası, N.Puteykis və K.Krivitskasın Koalisiyası, habelə “Litva siyahısı” partiyası hərəyə bir mandat qazanıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs