SİYASƏT


Litva Seyminin üzvləri Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət etmişlər

Vilnüs, 24 aprel (AzərTAc). Litva Seyminin üzvləri Emanuelis Zingeris, Egidiyus Vareykis, Arunas Valinskas və digər deputatlardan ibarət 21 nəfərlik qrup Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət etmişdir.
Azərbaycanın Litvadakı səfirliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının üzüntüləri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində cinayətlər törətmiş şəxslərin əməllərinin siyasi-hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə etmişlər.
Litva Seyminin üzvləri Avropa deputatlarının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çəkərək Avropa Parlamentinin 2010-cu il mayın 20-də qəbul etdiyi 2216 saylı qətnaməsini mühüm sənəd kimi qəbul etdiklərini, burada erməni təcavüzkarların hərəkətlərinə verilmiş mənəvi və siyasi dəyərləndirmələrə tərəfdar olduqlarını bildirmişlər. Litvalı deputatlar sənəddə təsbit olunmuş prinsipial müddəaların dərhal yerinə yetirilməsini dəstəklədiklərini vurğulamışlar.
Seymin üzvləri Xocalı faciəsinə Avropa Parlamenti tərəfindən siyasi-hüquqi qiymətin veriləcəyinə, bu qanlı hadisələrin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul olunacağına inandıqlarını qeyd etmişlər.
Litvalı deputatlar Avropa Parlamentinin 2216 saylı qətnaməsinin tələblərinin ciddi şəkildə yerinə yetiriləcəyinə və bu yolla tarixi ədalətin bərpa ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.

Nigar Hüseynova
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.