DÜNYA
Litva XİN: Öz demokratiyasını müdafiə edən Türkiyə cəmiyyətinin həmrəyliyi bizi sevindirir
Vilnüs, 24 avqust, AZƏRTAC
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Türkiyəyə səfər edib. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıq, Avropa İttifaqı ilə Türkiyənin münasibətləri, NATO-nun Varşava sammitində qəbul edilmiş qərarların həyata keçirilməsi, Rusiya ilə münasibətlər, Ukraynada şərait, Suriyada vəziyyət və beynəlxalq siyasətlə bağlı başqa məsələlər müzakirə edilib.
Bu il iyulun 15-də baş tutmamış çevriliş cəhdindən sonra Litva diplomatiyasının rəhbəri Aİ və NATO ölkələrinin Türkiyəyə səfər etmiş ilk xarici işlər naziridir.
Türkiyənin baş naziri Binəli Yıldırım, parlamentin sədri İsmayıl Qəhrəman və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlərdə nazir L. Linkyaviçyus baş tutmamış çevrilişin günahsız qurbanları ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. L. Linkyaviçyus deyib: “Biz Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəyişdirməyə çalışan şəxslərin cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik. Biz çətin sınaqlar dövründə Türkiyə xalqı ilə həmrəyik, öz demokratiyasını müdafiə edən Türkiyə cəmiyyətinin həmrəyliyi bizi sevindirir. Belə sarsıntıdan sonra indiki mərhələdə Türkiyə cəmiyyəti üçün necə mürəkkəb vəziyyət yarandığını başa düşürük. Aydındır ki, bu cinayəti araşdırmaq və onu törədənləri məsuliyyətə cəlb etmək lazımdır”.
Nazir L. Linkyaviçyus Avropa İttifaqı ilə Türkiyənin münasibətlərini müzakirə edərək vurğulayıb ki, Türkiyə Aİ-nin çox mühüm tərəfdaşıdır. Aİ ilə ticarət dövriyyəsinin həcminə görə beşinci yeri tutan və Aİ ilə Gömrük İttifaqına daxil olmuş Türkiyə miqrasiya, terrorizm və digər aktual beynəlxalq təhdidlərin tənzimlənməsində mühüm rol oynayır.
Litva Türkiyənin Avropaya inteqrasiya etmək səylərini dəstəkləyir. Nazir deyib: “Litva Türkiyənin Aİ-yə üzvlüyü barədə danışıqları davam etdirməyin tərəfdarıdır. Türkiyədə yaranmış şərait nəzərə alınmaqla zəruri islahatlar keçirilməsində Türkiyənin tərəqqisini dəstəkləyirik”. Türkiyənin xarici işlər naziri həmkarını əmin edib ki, Türkiyə Litvanın iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının üzvü olmaq səylərini dəstəkləyir.
Litvanın və Türkiyənin xarici işlər nazirləri qeyd ediblər ki, NATO-nun Varşavada keçirilmiş sammitində təhlükəsizliyin möhkəmlənməsinə dair qəbul edilmiş qərarlar ardıcıl olaraq həyata keçirilməlidir. Litva və Türkiyə NATO-nun yaxın müttəfiqləridir. Onlar bütün Alyansın təhlükəsizliyini möhkəmlətmək üçün öz fəaliyyətlərini davam etdirəcəklər. Nazir L. Linkyaviçyus vurğulayıb ki, Litva onun NATO-ya üzv olmaq istəyinin Türkiyə tərəfindən dəstəklənməsini, habelə bizim regionda təhlükəsizliyin möhkəmlənməsinə Türkiyənin verdiyi töhfəni, məsələn, NATO-nun Litvada hava polisi missiyasında Türkiyənin iştirakını yaxşı xatırlayır və bunu yüksək qiymətləndirir.
Xatırladaq ki, Litva ilə Türkiyə arasında diplomatik münasibətlər 1991-ci il sentyabrın 3-də bərpa edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs