CƏMİYYƏT
Litva hökuməti soydaşımızı mükafatlandırıb
Bakı, 19 dekabr, AZƏRTAC
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev çoxillik səmərəli ictimai fəaliyyətinə, Litva Milli icmalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinə və vətəndaşlıq şüurunun artırılmasına, Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələrinin inkişaf etdirilməsinə verdiyi mühüm töhfələrə görə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamenti tərəfindən mükafatlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 1979-cu ildən Vilnüs şəhərində yaşayan və çalışan Mahir Həmzəyev elmi-ədəbi fəaliyyətlə yanaşı, diaspor işi ilə də məşğuldur. 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətini yaradan Mahir Həmzəyev Litva, Azərbaycan və Rusiya mediasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətliamı mövzularında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik yazıların müəllifidir.
Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin mayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.