ELM VƏ TƏHSİL
Litva ilə Azərbaycan arasında elmi əməkdaşlıq imkanları araşdırılıb
Vilnüs, 13 mart, AZƏRTAC
Martın 9-dan 12-dək Litvada işgüzar səfərdə olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bir sıra görüşlər keçirib.
Martın 9-da Litva Elmlər Akademiyasının (LEA) prezidenti Valdemaras Razumas, sonra isə LEA rəyasət heyətinin üzvləri ilə keçirilmiş görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilib.
LEA-da keçirilən görüşdə akademik T.Kərimli AMEA-nın fəaliyyəti, strukturu və elmi nailiyyətləri, həmçinin burada aparılan islahatlar barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edib, dövlətimizin başçısı tərəfindən ötən ilin sonunda AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalandığını bildirib.
Professor V.Razumas LEA-nın yaradılması tarixi haqqında danışıb və akademiyanın elm sahəsində ölkə daxilində, eləcə də beynəlxalq təşkilatlardakı fəaliyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, Litvada təhsil sahəsində aparılacaq islahatlara toxunub, gələn ildən Litvada fəaliyyət göstərən ali məktəblərin sayının azaldılmasının gözlənildiyini bildirib.
Görüşdə Litva və Azərbaycan arasında elmi əməkdaşlığın imkanları müzakirə edilib, hər iki tərəf qurumlar arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasında maraqlı olduqlarını bildirib.
Həmin gün Litva Ədəbiyyatı və Folkloru İnstitutunda keçirilən görüşdə Azərbaycan və Litva arasında ədəbiyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Litva Ədəbiyyatı və Folkloru İnstitutu direktorunun elmi məsələlər üzrə müavini Auşra Martişiute-Linartiene ilə görüşdə T.Kərimli Azərbaycan ədəbiyyatı haqqında danışıb, qarşı tərəfə qədim və orta dövr, həmçinin müasir Azərbaycan ədəbiyyatı haqqında məlumat verib.
A.Martişiute-Linartiene Litva ədəbiyyatı haqqında qısa məlumat verdikdən sonra iki ölkə arasında ədəbiyyat sahəsində əlaqələrin XX əsrin 50-ci illərindən başlandığını və bu müddətdə bir sıra Azərbaycan ədiblərinin əsərlərinin Litva dilinə tərcümə edildiyini söyləyib.
Sonda tərəflər arasında hər iki ölkənin müasir yazarlarının əsərlərinin tərcümə və nəşr edilməsi məsələləri müzakirə olunub.
Martın 10-da Vilnüs Universitetinin rektoru Arturas Jukauskas ilə görüşdə T.Kərimli AMEA haqqında məlumat verib. O, fundamental elmlərə yiyələnmək məqsədilə üç il əvvəl AMEA-da magistratura təhsilinin verilməsinə başlandığını və hazırda bakalavr təhsilinin verilməsi istiqamətində də işlərin aparıldığını bildirib.
A.Jukauskas universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumat verib, bu ali məktəblə Azərbaycanın Litvadakı səfirliyi arasında sıx əməkdaşlığın olduğunu və burada azərbaycanlı tələbələrin təhsil aldığını vurğulayıb.
Həmin gün akademik T.Kərimli Litvanın Türkiyədə və eyni zamanda, Azərbaycandakı sabiq səfiri Halina Kabatskaite (Karay türküdür) ilə birlikdə Trakay şəhərindəki Karaylar Muzeyində olub.
Muzeylə tanışlıqdan sonra T.Kərimli bu quruma Azərbaycan xalçası və AMEA tərəfindən ingilis dilində nəşr olunmuş “Azərbaycan xalçaları: İrəvan qrupu” kitabını hədiyyə edib.
Bütün görüşlərdə Azərbaycan Respublikasının Litva Respublikasındakı səfiri Həsən Məmmədzadə iştirak edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs