SİYASƏT
“Litva məktəblərində Azərbaycan tarixi və mədəniyyətinin təbliği və inkişafı” adlı layihə həyata keçirilir
Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) AZƏRTAC-a bildiriblər ki, layihənin dörd aylıq icra planına uyğun olaraq tədbirlər ilin sonunadək davam edəcək.
Layihənin icra müddətində AYOL Litvanın Vilnüs, Kaunas, Yonava, Mariampole və digər şəhərlərinin orta məktəblərində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli mətbəxi, turizm potensialı, kino sənəti və digər mövzuları özündə əks etdirən tədbirlər keçirəcək.
Layihənin məqsədi Azərbaycan haqqında məlumatları litvalı məktəblilərə çatdırmaqdır. Layihə nəticəsində yalnız məktəblilər deyil, həmçinin tədbirlərdə iştirak edəcək müəllimlər və valideynlər, yerli gənclər təşkilatının fəal üzvləri məlumatlandırılacaqlar.
Tədbirlərdə Azərbaycanın iqtisadi inkişafına dair videoçarxlar nümayiş etdiriləcək. Qonaqlara təqdim olunacaq milli mətbəximizin ləziz yeməkləri, milli rəqslər, həmçinin milli ornamentli hədiyyələr onların ölkəmizə olan maraqlarını daha da artıracaq.