MƏDƏNİYYƏT
Litva saytı: "Turistlər artır, qiymətlər azalır – Bakıya şopinqə tələsin!"
Bakı, 3 may, AZƏRTAC
Litvanın www.slaptai.lt saytında aprelin 10-dan mayın 10-dək Bakıda keçirilən şopinq festivalı (Baku Shopping Festival) barədə məqalə dərc edilib. Saytın baş redaktoru Gintaras Visotskasın müəllifi olduğu məqalədə deyilir: "Son 1 ildə Azərbaycana turist axını bir neçə dəfə artıb və bu, ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Məsələyə müxtəlif cür yanaşmaq olar, lakin ölkəyə bu marağın xeyli müsbət tərəflərinin olduğu ilə razılaşmamaq mümkün deyil. Bu müsbət tərəflərdən biri və elə birincisi də iqtisadiyyatın, xüsusən pərakəndə ticarət sektorunun inkişafıdır.
Ayrıca, sevindirici haldır ki, turist axınının artması brend geyim və aksesuar mağazalarında qiymətlərin Avropadakı səviyyəyə enməsinə səbəb olub. Axı turistlər alış-verişdən əvvəl qiymətləri müqayisə edir".
Xüsusən aprelin 10-dan mayın 10-dək keçirilən Bakı Şopinq Festivalı çərçivəsində alış-veriş etmək sərfəlidir. Bir çox qabaqcıl dünya brendlərinin malları festival çərçivəsində nəinki sərfəli qiymətlərə təqdim edilir, hətta 100 manat və daha artıq ödədikdə ƏDV geri qaytarılır. Bu, əlbəttə ki, alış-verişi daha sərfəli edir.
Elə buna görə də alış-veriş həvəskarlarına şopinqi nə üçün məhz indi, təxirə salmadan etməyin səbəbləri barədə danışmaq istədim. Çünki festivalın sonuna bir həftədən də az qalır. Tələsməyə dəyər.
Yerli vətəndaşlar üçün “Tax Free” – yalnız indi
“Tax Free” xidmətindən tək xaricilər deyil, yerli vətəndaşlar da yararlana bilir. Lakin yalnız festival dövründə. Yəni onların 100 manatdan artıq alış-veriş etdiyi zaman ƏDV geri qaytarılır. Odur ki, çox bahalı bir şey alsanız qaytarılmış ƏDV-nin məbləği cibinizdə əməlli-başlı hiss olunacaq. Xırda alış-veriş zamanı da “Tax Free” ürəyinizcə olacaq.
Onu da bilmək lazımdır ki, festivala qoşulmuş və ƏDV-ni qaytaran mağazaların vitrin və qapıları üzərində “Bakı Shoping Festival” yazılmış çanta şəkilli xüsusi stikerlər var.
Qiymətlər doğrudan da sərfəlidir
Bakıda qiymətlərin Avropadakından baha olduğu dövrlər keçmişdə qalıb. Bu gün Azərbaycan paytaxtının festivala qoşulmuş mağazalarında qiymətlər dollar və avro ilə ifadədə Dubay, İstanbul və Moskvadakına ya bərabər, ya da daha aşağıdır. Buna “Tax Free” hesabına qənaət edəcəyiniz vəsaiti də əlavə etsək, nəticə göz qabağındadır – indi Bakıda şopinq etmək daha sərfəlidir.
Mövsümdənkənar endirimlər
Bakı Şopinq Festivalına qoşulmuş demək olar ki, bütün mağazalar müəyyən mal kateqoriyalarına mövsümdən asılı olmayaraq, əlavə 10-30 faiz endirimlər təklif edir. Bu isə onsuz da sərfəli qiymətlərə satılan və “Tax Free” tətbiq olunan malları alıcılar üçün daha əlverişli edir. Bu mağazaların tam siyahısı ilə bakushopfest.com/ru/our-stores/ internet ünvanında tanış olmaq mümkündür.
İri ticarət mərkəzlərində alıcıların əllərindəki paketlərin çoxluğundan belə qənaətə gəlmək olar ki, onlar artıq bu əlavə imkanları dəyərləndirib!
Çeşid – mövsümün pik vaxtı ən yaxşı seçim
Mövsümün pik vaxtı model və ölçülərin ən geniş çeşidi təqdim olunur. Yalnız bu dövrdə bütün model və ölçüləri tapmaq mümkündür. Bu zaman Bakı mağazalarında çeşid heç də Avropadakından geri qalmır.
Bakıda kolleksiya modelləri satanlar özlərinin çoxillik təcrübəsi sayəsində işlərini peşəkarlıqla qurur və dünya bazarının bütün trend və axınlarını əhatə edir.
Bütün bunları nəzərə alaraq demək olar ki, indi şopinq üçün ən uyğun vaxtdır. Bu, sizə nəinki sərfəli, həm də xoş olacaq. Havaların gözəl keçməsi də bir mağazadan o birinə gəzişməklə şopinqdən ləzzət almağa imkan verir. Bununla, xarici görkəminizi təxirə salmadan yeniləyə bilərsiniz – axı artıq yazın ən yaxşı çağıdır.
Ən əsası, tələsmək lazımdır – festival mayın 10-da başa çatır!