İQTİSADİYYAT
Litva şirkətləri Azərbaycanda bizneslərini genişləndirmək istəyir
Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC
Böyük məmnuniyyətlə Azərbaycanda şirkətlərimizin nümayəndəliyini açmaq, biznesimizi genişləndirmək istərdik.
Bu sözləri Litvanın kənd təsərrüfatının və ərzaq bazarının tənzimlənməsi üzrə Dövlət Agentliyinin təmsilçisi xanım Yolita Qeçeviçene Bakı Ekspo Mərkəzində keçirilən XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015”) sərgisində AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, 1998-ci ildən fəaliyyət göstərən agentlik Litva şirkətlərinə ixracat sahəsində kömək etməklə yanaşı, potensial bazarlarla bağlı informasiya toplayır.
Y.Qeçeviçene məlumat verib ki, agentlik sərgidə bir neçə şirkətlə təmsil olunur. Onlar əsasən süd, ət, dəniz məhsulları və dondurma istehsalı ilə məşğul olan şirkətlərdir. Bu məhsullar yüksək keyfiyyəti ilə seçilir və beynəlxalq sertifikatlara layiq görülüb.
“İlk dəfədir Azərbaycanda çox mütəşəkkil şəkildə keçirilən kənd təsərrüfatı sərgisinin iştirakçısıyıq” - deyən Y.Qeçeviçenenin sözlərinə görə, sərgiyə gələnlər Litva məhsullarından razılıq edirlər.