İQTİSADİYYAT


Litvada “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar” kitabı nəşr edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Litvada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici auditoriya üçün hazırladığı növbəti nəşr – “Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar” (Baku-Tbilisi-Kars Railroad: Future Opportunities and Prospects) kitabı geniş tirajla ingilisdilli oxuculara təqdim olunub.

SAM-dan AZƏRTAC-a bildiriblər ki, Vilnüsdəki Mikolas Romeris Universitetində çap olunmuş kitabın müəllifləri Stateji Araşdırmalar Mərkəzinin elmi işçisi Mahir Hümbətov və Litvanın Mikolas Romeris Universitetinin doktoru, Valiunas Elleksin hüquq şirkətinin tərəfdaşı Evaldas Klimasdır. Litvalı alim bir müddət əvvəl Bakıda elmi ezamiyyətdə olub, Azərbaycanın iqtisadi imkanları və logistika potensialı ilə bağlı SAM-da tədqiqatlar aparıb.

Müəlliflər kitab üzərində işləyərkən Azərbaycanın müvafiq dövlət qurumlarında, özəl şirkətlərində materiallarla tanış olub, yerli mütəxəssislər və beynəlxalq maliyyə təşkilatlarının ekspertləri ilə səmərəli fikir mübadiləsi aparıblar. Həmin tədqiqat işində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Azərbaycan və region dövlətləri üçün strateji əhəmiyyət daşıması xüsusilə vurğulanıb, onun istismarı nəticəsində digər ölkələrin də iqtisadi və kommunikasiya imkanlarının genişlənməsi məsələləri əhatə olunub. Qeyd edilib ki, Çin Xalq Respublikasının “Böyük İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşdırılmasında həmin nəqliyyat sisteminin perspektivli hissəsi kimi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xətti mühüm əhəmiyyətə malikdir. Onun istismarı transsərhəd nəqliyyat sisteminə daxil olan infrastrukturların, o cümlədən dəniz limanlarının da inkişafına səbəb olacaq.

Müəlliflər Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin geniş istismar imkanlarına malik olması, bu potensialın TRACECA layihəsi, Litva, Ukrayna və Belarusun ortaq “Vikinq” beynəlxalq dəmiryolu marşrutu ilə əlaqələndirilməsi perspektivlərini təhlil ediblər.

“Bakı-Tbilisi-Qars dəmiryolu xətti: Gözləntilər və imkanlar” kitabında Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi azad iqtisadi zonaların perspektivləri, Litvanın bu istiqamətdə təcrübəsinin tətbiq imkanları da araşdırılıb. Həmçinin Azərbaycanda dövlət və özəl iqtisadi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi və səmərəsinin artırılması məqsədilə təşkilati islahatların və yerli qanunvericilikdə müvafiq dəyişikliklərin əhəmiyyəti məsələsinə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.