MƏDƏNİYYƏT
Litvada Cəlil Məmmədquluzadənin dram və nəsr əsərlərindən ibarət kitabın təqdimatı keçirilib
Vilnüs, 14 mart, AZƏRTAC
Litvanın qədim təhsil ocaqlarından olan Vilnüs Universiteti kitabxanasının Smuqleviçüs zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və bu ölkədəki səfirliyimizin dəstəyi ilə böyük ədib Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvü, akademiyanın humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və sədr müavinləri Mantas Adomenas və Kəstutis Masyulis, Litvanın tanınmış ictimai xadimləri, Vilnüs Universitetinin professor və müəllim heyəti, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabın tərcüməçilərindən biri, Litva azərbaycanlıları icmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında qısa məlumat verib.
Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə kitabın ərsəyə gəlməsinin əsas səbəbkarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin üzrlü səbəblərdən təqdimatda iştirak edə bilmədiyini qonaqların diqqətinə çatdırıb.
Səfirliyin əsas fəaliyyət istiqamətlərindən birinin də ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına yönəldiyini bildirən diplomat, tədqiqatçı alim İsa Həbibbəylinin təşəbbüsünə böyük məmnunluqla qoşulduqlarını vurğulayıb və bu gün ölkələr arasında ikitərəfli münasibətlərdə yeni səhifənin açıldığını qeyd edib.
Vilnüs Universitetinin rektoru Arturas Jukauskas XX əsr Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin kitabının təqdimatının Vilnüs Universitetində keçirilməsindən şad olduğunu bildirib və uzun illər görüşməyən insanların bu təqdimatda bir araya gəlməsindən məmnunluğunu ifadə edib.
Vilnüs Universiteti kitabxanasının direktoru İrena Kriviene tədbir iştirakçılarının 450 ilə yaxın yaşı olan kitabxanada Cəlil Məmmədquluzadənin kitabının təqdimatının şahidi olduqlarını vurğulayıb. O, fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabının daxil edilməsindən xüsusi məmnunluq duyduğunu bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü Teymur Kərimli təqdimat iştirakçılarını AMEA-nın rəhbərliyi adından salamlayaraq, Vilnüsdə ilk dəfə olmasına baxmayaraq, özünü doğma insanların əhatəsində hiss etdiyini söyləyib.
Azərbaycan ədəbiyyatının çox qədim və zəngin ənənələri olduğunu söyləyən akademik, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin və digər ədiblərimizin öz əsərləri ilə bəşəriyyətin mədəniyyət xəzinəsinə dəyərli töhfələr bəxş etdiyini bildirib.
Deyib ki, cəhalətə, savadsızlığa, despotizmə qarşı mübarizə aparan Mirzə Cəlil əsərləri ilə tək Azərbaycan xalqının deyil, Şərq və dünya xalqlarının da tərəqqisinə, inkişafına xidmət edib.
Litvanın Türkiyədə, eyni zamanda, Azərbaycanda keçmiş səfiri olmuş Halina Kobetskaite 1952-ci ildə sinif yoldaşının ona “Azərbaycan hekayələri” kitabını hədiyyə etdiyini və bu kitab vasitəsilə ilk dəfə Cəlil Məmmədquluzadənin hekayələri ilə tanış olduğunu bildirib. O, türk dilindən tərcümə edilmiş çoxlu sayda kitablar oxuduğunu qeyd edib, özünün isə Litva dilinə tərcümə etdiyi ilk kitabın Azərbaycan ədəbiyyatına məxsus olduğunu vurğulayıb.
Diplomat kitaba şəkillərin əlavə edilməsini müsbət qiymətləndirərək bildirib ki, bu şəkillərə baxanda Cəlil Məmmədquluzadənin dünyada cərəyan edən hadisələrdən məlumatlı olması insanı çox təəccübləndirir.
Daha sonra çıxış edən jurnalist Tomas Çivas Cəlil Məmmədquluzadənin əsərlərinin Litva dilinə tərcümə edilməsini böyük hadisə kimi dəyərləndirib və kitabı çox maraqla oxuduğunu bildirib.
Sonda Mahir Həmzəyev Azərbaycan ilə Litva arasında mövcud əlaqələrin tarixindən söz açıb. Litvalı yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək oxunduğunu, həmçinin bizim də ədiblərimizin əsərlərinin litvalıların ürəklərinə yol tapdığını vurğulayıb. O, Cəlil Məmmədquluzadənin Litvada və Polşada yaşayan müsəlmanlar haqqında yazdığı “Halva” adlı kiçik felyetonunu Litva dilində oxuyub.
Tədbirin sonunda qonaqlara ziyafət verilib.
Kitabın təqdimatı Litvanın televiziya kanallarında işıqlandırılıb, kitab haqqında nüfuzlu informasiya agentlikləri və internet portallarında məqalələr dərc olunub.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabı 2016-cı ilin dekabrında Vilnüsdə nəşr olunub. Kitaba görkəmli yazıçının “Danabaş kəndinin əhvalatları” povestindən bir parça, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”, “Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki ər” hekayələri, “Niyə məni döyürsünüz” felyetonu və “Kamança” pyesi daxil edilmişdir.
Kitab Litva kitabxanalarına, ədəbiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərə və kitabsevərlərə paylanılıb. Litvalı oxucular tərəfindən kitab maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs