SİYASƏT
Litvada “Dağlıq Qarabağ münaqişəsi: nizama salınma yolları” kitabı nəşr edilib
Vilnüs, 30 noyabr, AZƏRTAC
Vilnüsdə Geosiyasi Araşdırmalar Mərkəzinin hazırladığı “Dağlıq Qarabağ münaqişəsi: nizama salınma yolları” kitabının təqdimatı keçirilib. Kitab Litva və ingilis dillərində nəşr edilib.
Mərasimdə Mərkəzin rəhbəri Qreta Tuçkute, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yuras Pojela, ekspertlər, azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qreta Tuçkute kitab haqqında məlumat verərək bildirib ki, nəşrdə Dağlıq Qarabağ münaqişəsinin kökləri, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulması faktları, habelə münaqişənin dinc yolla nizama salınması məsələləri nəzərdən keçirilib.
Azərbaycanın Litvada səfiri Həsən Məmmədzadə çıxış edərək bildirib ki, litvalıların münaqişə barədə təsəvvürlərinin necə dəyişməsini tədqiq etmələrindən, Xocalı qırığını ilə 1991-ci il 13 yanvar faciəsi arasında paralel aparmalarından məmnundur.
Vilnüs Universitetinin doktorantı, jurnalist Viktor Denisenko təsdiqləyir ki, azərbaycanlılar qlobal məkanda özləri üçün unudulmaz hadisələri litvalılardan daha yaxşı işıqlandırırlar.
Böyük Vitautas Universitetinin doktorantı və tarixçisi Kristina Petrauske bildirib ki, litvalılar tərəfindən Dağlıq Qarabağ münaqişəsi anlayışı iyirmi il ərzində dəyişib. O, 1991-1992 və 2013-cü illərin ölkə mətbuatını izləyib. 2013-cü ili ona görə seçib ki, həmin ildə Seymdə əsası qoyulmuş, Dağlıq Qarabağ ilə dostluq münasibətlərini dəstəkləməyə yönələn parlament qrupu Dali Kuoditenin rəhbərliyi altında ictimai məkanda debatlar keçirməyə çağırış edib.
K.Petrauskenin sözlərinə görə, keçən əsrdə münaqişənin qızğın vaxtında informasiyanın böyük hissəsi Ermənistanı dəstəkləyən tərəfdən daxil olub. İyirmi ildən sonra məqalələrin əksəriyyətində Azərbaycan dəstəklənir. Hazırda Dağlıq Qarabağın müstəqilliyini söyləyənlər marginal qrupdur və onların mövqeyi Litvanın xarici siyasətinə ziddir. Eyni zamanda Azərbaycan Litva mətbuatında “qəddar müsəlman” ölkəsindən “öz torpaqlarının birləşməsi və vətəndaşlarının təhlükəsizliyi uğrunda mübarizə aparan” dövlətə çevrilib. Doktorant qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ haqqında dediklərini dəyişməyib, eyni zamanda Azərbaycanın ritorikası daha incə olub, Ermənistanın qəddarlığını işıqlandırmaqdan öz imicini yüksəltməyə, münaqişəli regionun Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edən beynəlxalq qərarı işıqlandırmağa keçid başa çatıb. Bu cür yanaşma litvalı oxucular üçün qəbul ediləndir.
Avropa İttifaqı Mikolas Remeris adına Hüquq və Beynəlxalq Hüquq İnstitutunun professoru, Yustinas Jilinski qeyd edib ki, ərazi münaqişələri Sovet İttifaqı və Yuqoslaviya dağılan zaman ən qanlı xarakterə malik olub. Akademikin sözlərinə görə, zorakılıqdan yaxa qurtarmaq, insan haqlarını təmin etmək üçün beynəlxalq hüquq prinsiplərini rəhbər tutmaqdan başqa yol yoxdur.
Yuras Pojela da oxşar halların baş verməsinin qarşısının alınması üçün müvafiq tədqiqatların vacibliyini qeyd edib. Postsovet məkanında dondurulmuş münaqişələr, o cümlədən Dnestryanı, Abxaziya, Cənubi Osetiya kimi dondurulmuş münaqişələr onsuz da çoxdur.
General Yonas Jyamaytis adına Litva Hərbi Akademiyasının müəllimi Laura Kirvelite bildirib ki, danışıqların irəliyə getməməsinin əsas səbəbi münaqişə aparan tərəflərin sərt mövqeyidir. Ermənistan tərəf əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağ əhalisi üçün referendum tələb edir ki, talelərini özləri həll etsinlər. Azərbaycan işğal edilmiş ərazilərindən Ermənistanın öz qoşunlarını çıxarmasını, məcburi köçkünlərin (azərbaycanlıların) Dağlıq Qarabağa qayıtmalarını gözləyir və onların fikrincə, yalnız bu halda plebisit ola bilər. Bu halda o, yalnız konsultativ olardı, çünki münaqişə Azərbaycanın ərazi bütövlüyünü nəzərə alaraq həll edilməlidir.
“Dağlıq Qarabağ münaqişəsi: nizama salınma yolları” kitabının təqdimatı nüfuzlu “Lietuvos žinios” qəzetində də işıqlandırılıb.
http://lzinios.lt/lzinios/Lietuva/lietuviskos-kalnu-karabacho-konflikto-sprendimo-paieskos/213264
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs