DÜNYA


Litvada seçicilər Seymin yeni kadensiyasının formalaşmasını bu gün başa çatdıracaqlar

A+ A

Vilnüs, 23 oktyabr, AZƏRTAC

Bu gün səhər saat 7-də Litvanın 68 birmandatlı seçki dairəsində seçki məntəqələri açılıb. Səsvermə hüququna malik olan Litva vətəndaşları axşam saat 20-dək Seymə seçkilərin ikinci turunda iştirak edəcəklər. Hər seçki dairəsində oktyabrın 9-da keçirilmiş birinci turda ən çox seçici səsi toplamış iki namizəd mübarizə aparır.

Litvanın təxminən 2,5 milyon vətəndaşı səsvermə hüququna malikdir, lakin təkrar səsvermədə hamının iştirak etməsi lazım deyil. Üç dairənin seçiciləri seçkilərin birinci turunda Seymin üzvlərini seçiblər. Bunlar Litva Xristian Demokratlarının Vətən İttifaqını təmsil edən İnqrida Şimonite və Litva polyaklarının Xristian Ailələri İttifaqı Seçki Aksiyasının iki üzvü - Leonardas Talmontas və Çeslov Olşevskidir. Ona görə, paytaxtın Antakalnis, Myadiinkay və Şalçininkay-Vilnüs seçki dairələrində təkrar səsvermə keçirilməyəcək.

İkinci turda Litva Xristian Demokratlarının Vətən İttifaqı Partiyasından 42 namizəd, Litva Kəndlilər və Yaşıllar İttifaqının 40 nümayəndəsi, Litva Sosial-Demokrat Partiyasından 21 namizəd, Liberallar Hərəkatından 12 namizəd, Əmək Partiyasından 5 namizəd, 5 müstəqil namizəd, “Asayiş və ədalət” Partiyasından 4 namizəd mübarizə aparır. İkinci turda Litva polyaklarının Xristian Ailələri İttifaqı Seçki Aksiyasını iki namizəd, Litva Azadlıq İttifaqını (liberallar) iki, Litvanın Siyahısı Partiyasını bir, Litva Yaşıllar Partiyasını bir, Naqlisa Puteykis və Kristupas Krivitskasın korrupsiyaya qarşı koalisiyasını bir namizəd təmsil edir.

Seymə Seçkilər haqqında Qanuna əsasən, təkrar səsvermə nəticəsində hər bir konkret seçki dairəsində səsvermədə iştirak etmiş seçicilərin sayından asılı olmayaraq ən çox seçici səsi toplamış namizəd seçilmiş hesab edilir. Əgər hər iki namizəd eyni sayda səs toplamış olarsa, birinci turda daha çox səs verilmiş namizəd Seymin üzvü olur.

Litva Seymi 141 deputatdan ibarətdir. Onlardan 71-i birmandatlı dairələrdə birbaşa, 70-i isə çoxmandatlı dairələrdə partiya siyahıları üzrə seçilir.

Baş Seçki Komissiyasının məlumatına görə, Seymə seçkilərin birinci turunda Litva Xristian Demokratları Vətən İttifaqı Partiyası çoxmandatlı dairədə 20 mandat, Litva Kəndlilər və Yaşıllar İttifaqı 19, Litva Sosial-Demokrat Partiyası 13, Liberallar Hərəkatı 8, Litva polyaklarının Xristian Ailələri İttifaqı Seçki Aksiyası 5, “Asayiş və ədalət” Partiyası 5 mandat qazanıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.