DÜNYA
Litvada yeni elmi-tədqiqat gəmisi inşa edilib
Vilnüs, 26 noyabr, AZƏRTAC
Litvada “Mintis” adlı yeni elmi-tədqiqat gəmisi inşa edilib. Klaypeda Elmi-Tədqiqat Dəniz Universitetinə məxsus olan bu gəminin “adqoyma mərasimi” çərşənbə axşamı, noyabrın 25-də keçirilib. Litva Prezidenti Dalya Qribauskayte mərasimdə çıxış edərək bildirib ki, “Mintis” gəmisi dənizlərin tədqiqi və innovasiyalar məkanında Lİtvanın mövqeyinin möhkəmlənməsinə kömək edəcək.
Dəyəri 33,5 milyon lit olan bu gəmidə geoloji, bioloji, fiziki və kimyəvi araşdırmalar aparılması üçün iki stasionar laboratoriya yaradılıb.
“Mintis” gəmisinin heyəti altı nəfərdən ibarətdir. Elmi ekspedisiyalara gəmi heyət üzvləri ilə yanaşı, 12 alim də gedə bilər. Onlar dənizin bütün komponentlərini: su cərəyanlarını, suyun fiziki və kimyəvi xassələrini, bioloji obyektləri, dənizin dibini tədqiq edə biləcəklər.
Təhsil və elm naziri Daynyus Pavalkis qeyd edib ki, “Mintis” gəmisi Baltik dənizinin hərtərəfli öyrənilməsinə kömək edəcək, gəminin imkanları ölkə təsərrüfatının ehtiyaclarını təmin etmək üçün biznes ilə elmin əməkdaşlığını təşviq edəcək, beynəlxalq dəniz tədqiqatları layihələrində Litvanın daha fəal iştirak etməsinə imkan yaradacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs