SİYASƏT
Litvanın Baş naziri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib
Vilnüs, 27 fevral, AZƏRTAC
Litva Respublikasının Baş naziri Saulyus Skvernyalis Azərbaycan Respublikasının bu ölkədəki səfiri Həsən Məmmədzadə ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasındakı siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Baş nazir Litva və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, mövcud siyasi, iqtisadi və humanitar sahələrdəki əlaqələrin inkişafından məmnunluq ifadə edib, ölkəsinin Azərbaycana siyasi dəstək verdiyini vurğulayıb.
Səfir Həsən Məmmədzadə Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən Saulyus Skvernyalisə ünvanlanmış təbrik məktubunu təqdim edib. O, Baş nazir təyin edilməsi münasibətilə Saulyus Skvernyalisi təbrik edərək, yeni vəzifədə ona uğurlar arzulayıb. Eyni zamanda, may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edildiyini Baş nazirin diqqətinə çatdırıb.
Səfir iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. O, 2012-ci ildən başlayaraq Litvanın 5 universitetinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edildiyini, bununla yanaşı, Litva Təhsil Fondu tərəfindən hər il Azərbaycandan üç magistrant üçün dövlət təqaüdünün ayrıldığını qeyd edib. Diplomat hazırda Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayının 200 nəfərdən artıq olduğunu vurğulayıb.
İki ölkə arasında tarixi oxşarlığın olduğunu qeyd edən səfir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün Litva tərəfinə minnətdarlığını bildirib.
Baş nazir Azərbaycana dəvət üçün təşəkkürünü bildirib, öz komandası ilə birgə Litva-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində səy göstərəcəyini qeyd edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs