DÜNYA
Livan yenidən Aralıq dənizində neft və təbii qaz axtaracaq
Bakı, 5 yanvar, Nihad Budaqov, AZƏRTAC
Livan Aralıq dənizində neft və təbii qaz axtarışı üzrə yenidən tender elan edib.
AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, Livanda yeni hökumət tərəfindən 2013-cü ildən bəri dayandırılan Aralıq dənizində neft və təbii qaz axtarışı üzrə tender prosesinə yenidən başlamaq üçün iki fərman imzalanıb.
Livan Aralıq dənizi sahillərində 96 trilyon kubmetrlik təbii qaz və 865 milyon barrellik neft ehtiyatı olduğunu proqnozlaşdırır.
Fərmanlara əsasən, hasilat və kəşfiyyat tenderləri ilə imzalanacaq sazişlərin şərtləri müəyyən edilir. Hökumət, eyni zamanda, karbohidrogen sənayesi üzrə vergi tənzimləməsi və bir karbohidrogen qanunu hazırlamaq üçün iki ayrı komissiya yaradılmasına qərar verib.
2013-cü ildə neft və təbii qaz axtarışı üzrə tenderlərdə iştirak etmək hüququ qazanan 46 şirkətdən yenidən əməliyyat üzrə müraciət edən 12 şirkət arasında “Chevron”, “Total” və “Exxon Mobil” də var.