QAN YADDAŞI
Livanda keçirilən anım tədbirində Xocalı faciəsinin ağır nəticələrindən bəhs olunub
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycanın Livandakı səfirliyi tərəfindən Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Livanda yaşayan azsaylı həmyerlilərimiz və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda yaşayış məntəqəsində törətdikləri qətliam barədə geniş məlumat verib. Bildirilib ki, dinc əhaliyə qarşı törədilən qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər əsir götürülüb, 197 nəfər itkin düşüb. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Tədbir zamanı, həmçinin Xocalı qurbanlarının fotolarından ibarət sərgi nümayiş etdirilib.
İştirakçılara Xocalı soyqırımı, erməni terroru və Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar təqdim olunub.