REGİONLAR
“Live Your Goals” festivalının növbəti ünvanı - Xaçmaz VİDEO
Xaçmaz, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, FİFA-nın bayrağı altında reallaşan festivalda 8-15 yaşarası qızlar iştirak edib.
Əvvəlcə “Live Your Goals” ilə bağlı mətbuat konfransı təşkil olunub. Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov, 17 yaşadək qızlardan ibarət yığmamızın baş məşqçisi Siyasət Əsgərov və U-19 qızlar yığmasının üzvü Aysun Əliyeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, “Live Your Goals” layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.
Mətbuat konfransından sonra festivalın açılış mərasimi olub. Mərasimdə çıxış edənlər festival iştirakçılarına uğurlar arzulayıblar.
Azərbaycanda “Live Your Goals” silsilə tədbirləri 2012-ci ildən keçirilir. Festival həmin il Bakı, Zaqatala, Quba, Şəki və Masallıda müvəffəqiyyətlə təşkil olunub və bu festivallarda beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər. 2014-cü ildə isə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində keçirilib.