İDMAN
“Liverpul” komandasının oyunçusu Avropanın ən yaxşı gənc futbolçusu hesab edilib
Bakı, 20 dekabr, AZƏRTAC
“Liverpul” komandasının yarımmüdafiəçisi Rahim Sterlinq 2013-2014-cü illər mövsümünün yekunlarına görə Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy” mükafatına layiq görülüb.
AZƏRTAC İngiltərənin “Liverpul”un rəsmi saytına istinadla bildirir ki, dekabrın 8-də 20 yaşı tamam olmuş Sterlinq “Golden Boy” mükafatına layiq görülən ikinci ingilis futbolçusudur (2004-cü ildə bu mükafatı almış Ueyn Runidən sonra).
2013-2014-cü illər mövsümündə Sterlinq “Liverpul”un heyətində keçirdiyi 38 oyunda 10 qol vurub. Xatırladaq ki, həmin mövsümdə o, “Liverpul”un heyətində İngiltərə çempionatının gümüş medalını qazanıb.
Bundan əlavə, Sterlinq İngiltərə yığmasının heyətində indiyə qədər 14 matç keçirib.
2003-cü ildə İtaliyanın “Tuttosport” nəşri tərəfindən təsis edilmiş “Golden Boy” mükafatı yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir. 2013-cü ildə bu mükafat “Yuventus” komandasının yarımmüdafiəçisi Pol Poqbaya, 2012-ci ildə isə o vaxt “Malaqa” komandasında oynayan, hazırda Madridin “Real” komandasında çıxış edən yarımmüdafiəçi İskoya verilib.