İQTİSADİYYAT


Lixtenşteyn – böyük ambisiyaları olan kiçik dövlət

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Cırtdan dövlət olan Lixtenşteyn Knyazlığı Avstriya və İsveçrənin sərhədi arasında yerləşir. Sahəsi cəmi 160 kvadratkilometrdir, əhalisinin sayı isə 37 mindən çox deyil. Buna baxmayaraq, inkişaf etmiş maliyyə xidmətləri sektoru və yüksək həyat səviyyəsi ilə çiçəklənən sənaye ölkəsidir. Lixtenşteyn cazibədar təbiəti, zəngin tarixi və mədəniyyəti ilə çoxdan bəridir ki, turistləri cəlb edir.

Biz də bu qeyri-adi ölkə ilə tanış olmaq istədik.

Muzeylər şəhəri

Biz Avstriyada idik və Lixtenşteynə getmək üçün qatarla sərhədyanı Feldkirx şəhərinə gəldik. Avtobuslar oradan knyazlığın düz paytaxtına – Vadusa (vurğu “u” səsi üzərinə düşür) gedir. Yol bir saatdan azdır və çox keçmədən şəhərin mərkəzinə çataraq bizi əhatə edən gözəllikdən zövq almaqda idik. 

Lixtenşteyn Knyazlığı meşələrlə örtülü Alp dağlarının ətəyindəki mənzərəli guşədə yerləşir. Gözəl ekologiya, təmiz hava və dağlıq ərazi bu ölkəni aktiv turizm həvəskarları üçün arzuedilən məkana çevirir.

Yerli əhali paytaxtı “Ştadl”, yəni kiçik şəhər, ölkəni isə “Landl”, yəni kiçik ölkə adlandırır. Lixtenşteynin görməli yerlərinin çoxu Vadus şəhərində yerləşir. Paytaxtın hər yerində nəfis memarlığı ilə seçilən muzeylər, qəsrlər, tarixi binalar, heykəllər və instalyasiyalar görmək olar. Poçt və Poçt Markaları Muzeyi, Lixtenşteyn Dövlət Muzeyi, Təsviri İncəsənət Muzeyi Vadusun məşhur muzeylərindəndir. Qara və ağ kublar formasında olan Modern və Müasir İncəsənət Muzeyinin binası diqqətimizi dərhal cəlb etdi. Foyedə məlumat bukletindən öyrəndik ki, muzeyin kolleksiyasında XIX əsr klassik modernizm dövründən bu günümüzə qədər sənət inciləri yer alıb. Ekspozisiyanın ən mühüm hissəsini heykəl və instalyasiyalar, “Arte Povera” üslubunda əsərlər təşkil edir. Təsviri Sənət Muzeyinin sadə beton fasadının arxasında geniş zallar var. İşıq binanın tavanından maneəsiz süzülərək eksponatları işıqlandırır. Onların sırasında realist rəssam Qustav Kurbenin, Marsel Düşanın rəsmləri, Jan Tenqlinin kinetik mexanizmləri də yer alır.

Kolleksiyanın zənginləşməsinə Hilti Fondu cavabdehdir. Lixtenşteynin bu məşhur şirkəti tikinti üçün avadanlıq və məsrəf materiallar istehsalçısıdır. Hilti Fondu həmçinin Lixtenşteynin ən böyük işəgötürənidir – Vadusun qonşuluğundakı Şaan şəhərində yerləşən şirkətin baş ofisində təxminən 1900 mütəxəssis çalışır.

Lixtenşteyn Dövlət Muzeyi də bizə maraqlı təsir bağışladı. Onun ekspozisiyası bu dövlətin tarixinə, coğrafiyasına və biosferinə həsr edilib. Burada Lixtenşteynin təbiət aləmi, flora və faunası ilə bağlı eksponatları görmək mümkündür. Həmçinin neolit və tunc dövrünə, knyazlığın orta əsrlər tarixinə aid arxeoloji tapıntılardan tutmuş yeni dövrədək eksponatlar yer alıb. Kolleksiyaya kənd təsərrüfatı əşyaları, silah, habelə incəsənət əsərləri, orden və sikkələr daxildir. Muzeydə, həmçinin müxtəlif tematik sərgilər keçirilir. Məsələn, biz orada olarkən Olimpiya Oyunları tarixinə həsr edilmiş sərgi nümayiş olunurdu. Eksponatlar arasında 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının məşəli də var idi.

Knyaz evi və qənaətə dair məsləhətlər

Vadusda nəinki ictimai nəqliyyatda, həm də turistlər üçün əyləncəli “Citytrain” mini-qatarında gəzmək olar. Şəhərdə 30 dəqiqəlik ekskursiya zamanı qonaqlar ölkənin tarixi, görməli yerləri və knyaz evi haqqında maraqlı məlumat əldə edirlər. 

Təxminən 700 illik tarixi olan knyaz qəsri yüksək təpədə yerləşir və şəhərin hər yerindən görünür. 1712-ci ildən Lixtenşteyn knyazlarının sərəncamında olan qəsr 1938-ci ildən knyaz ailəsinin iqamətgahıdır və bu səbəbdən ictimaiyyət üçün bağlıdır.

Lixtenşteyn knyaz evi Avropanın ən qədim tanınmış ailəsinə məxsusdur. Buradakı incəsənət əsərləri toplusu dünyada ən məşhur şəxsi kolleksiyalardandır.

Yeri gəlmişkən, Lixtenşteyndə rəsmi dil alman dili, valyuta isə İsveçrə frankıdır. Lakin avro hər yerdə qəbul edildiyi üçün pul dəyişməyə ehtiyac qalmır. Ölkədə əhalinin qazancı kimi, qiymətlər də yüksəkdir. Yerli “McDonalds”da iki orta ölçüdə kartof, iki sous və dondurma götürdük və buna 15 avrodan çox ödədik!

İctimai nəqliyyatda və muzeylərə baxmaqda pula qənaət etmək üçün Lixtenşteyn kartını almaq lazımdır. Dövlət Muzeyinin yanında yerləşən turizm mərkəzində satılan kartın qiyməti bir gün üçün 23, iki gün üçün 29 və üç gün üçün 39 avrodur. Bütün bu müddətdə siz ödənişsiz olaraq “Liemobil” adlı avtobuslarda gəzə bilər və muzeylərin çoxuna baş çəkə bilərsiniz. Bu kartı alsanız, xarici pasportunuza Lixtenşteyndə olduğunuzu təsdiqləyən rəmzi möhür vurulur. Bəzi kafelərdə isə kart sahiblərinə pulsuz içki verilir. Bundan başqa, həmin kartla kinoya və iki şəhər hovuzuna - örtülü və açıq hovuzlara getmək olar. Biz Vadusdakı örtülü hovuza getdik.

Əgər siz təbiətdə gəzməyi və velosiped sürməyi sevirsinizsə, Lixtenşteyn ailəvi istirahət yeri ola bilər. Kilometrlərlə uzanan piyada və velosiped marşrutları Lixtenşteyni aktiv turizm həvəskarları üçün arzuedilən məkana çevirir. Qışda isə Malbun dağ-xizək istirahətini xoşlayanları özünə cəlb edir.

Bir dəfəyə üç ölkə

Lixtenşteynin unikal xüsusiyyəti Avstriya və İsveçrənin arasında yerləşməsidir. Odur ki, Lixtenşteyndən qonşu ölkələrə asanlıqla səyahət etmək olar. Məsələn, İsveçrənin Buks şəhərinə Vadusdan adi şəhər avtobusu ilə on dəqiqəlik yoldur. Buradan qatarla iyirmi dəqiqəyə isə siz dünya səviyyəli balneoloji kurort Bad Raqatsa yetişə bilərsiniz. Hərarəti müsbət 37°C-yə çatan müalicəvi sular yaxınlıqdakı Tamin dərəsinin dərin təkindən qaynayaraq çıxır. Buradakı Pfefers su ilə müalicə ocağında əvvəllər kral sülaləsinin nümayəndələri vannalar qəbul ediblər. İndi həmin yerdə iki muzey və Paraselsu abidəsi yerləşir. Hazırda isə Bad Raqasda tibbi və sağlamlıq proqramlarının geniş spektri arzu edən hər kəsə “Tamina Therme” termal kompleksini təqdim edir. 

Əgər Vadusdan avtobusla əks istiqamətdə gedilərsə, yarım saatdan sonra Avstriyanın qədim Feldkirx şəhərinə çatmaq olar. Biz bir neçə saatı orada məmnuniyyətlə keçirdik. Feldkirx 1218-ci ildə şəhər statusu alıb, 1375-ci ildə isə Habsburqlar monarxiyasının tərkibinə daxil olub. Çoxlu sayda qədim evlər, habelə 1260-cı ildə dağda tikilmiş qəsr burada indiyədək qalır. Qəsrdə hazırda diyarşünaslıq muzeyi yerləşir. 1493-cü ilə aid ratuşa da diqqət çəkir. Onun fasadı freskalarla bəzədilib. 1507-ci ilin dörd şəhər istehkamından yalnız Katsentrum və ya Pişik qülləsi qalıb.

Nəhayət, Feldkirxdə qiymətlər Lixtenşteyndən ucuz olduğundan burada doyunca alış-veriş etmək və restoranlara getmək olar.

Bahalığa baxmayaraq, Lixtenşteyn maraqlı ölkədir. Gözəl təbiətə və zəngin tarixə malik bu ölkəni səyahət həvəskarlarına tövsiyə etmək olar: xüsusilə Lixtenşteyndə istirahəti Avstriya və ya İsveçrəyə səfərlə birləşdirmək istəyənlərə. Əgər siz bahalı yer olan Lixtenşteyndə labüd maliyyə xərclərinə hazırsınızsa, onda ölkə əsl “knyaz” istirahətinə zəmanət verir!

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Vitali Nəzərəliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.