REGİONLAR
Lizinq yolu ilə Almaniyadan Lənkərana gətirilmiş mal-qara xüsusi nəzarətdə saxlanılır
Lənkəran, 14 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması aqrar bölmədə çalışan fermerləri və məhsul istehsalçılarını, o cümlədən heyvandarlıq təsərrüfatında işləyənləri daha da ruhlandırıb.
AZƏRTAC xəbər verir ki, Lənkəran rayonunun heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri dövlətin yaratdığı güzəştli imkanlardan bəhrələnərək Almaniyadan lizinq yolu ilə bu dəfə 79 baş cins mal-qara gətiriblər. Hazırda yeni gətirilmiş heyvanlar karantin şəraitində saxlanılır. Avropadan gətirilmiş mal-qaraya Lənkəran Rayon Baytarlıq İdarəsi və rayon baytarlıq laboratoriyasının əməkdaşları tərəfindən nəzarət olunur. Heyvanlardan götürülən nümunələr müayinə məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. İlkin olaraq cins heyvanlara dabaq xəstəliyinə qarşı peyvəndlər vurulub.
Mart ayının əvvəllərində lizinq yolu ilə Almaniyadan Lənkərana gətirilmiş cins mal-qara əsasən “Qolştin Friz” növünə aiddir.
Lənkəran Zona Baytarlıq Laboratoriyasının direktoru İqtidar Teymurov bildirib ki, Almaniyadan gətirilmiş heyvanlardan götürülən qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında yoxlanıldıqdan sonra infeksion xəstəliklər barədə rəy veriləcək. Bundan sonra ardıcıl şəkildə 10-14 günlük fasilə ilə digər peyvəndləmə tədbirləri görüləcək. Növbəti peyvəndləmə isə qarayara xəstəliyinə və nodulyar dermatridə qarşı olacaq.
İ.Teymurov diqqətə çatdırıb ki, digər əsas məsələ isə yüksək məhsuldarlığı ilə seçilən bu heyvanları yerli şəraitə uyğunlaşdırmaqdır.
Məlumat üçün bildirək ki, hazırda Lənkəranda 53 min 348 baş iribuynuzlu mal-qara, 21 min 421 baş davar vardır.