QAN YADDAŞI
Lodz şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin və Lodz Universitetində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı anım mərasiminə toplaşmış 100-ə yaxın iştirakçı arasında Lodz Universitetində təhsil alan yerli tələbələrlə yanaşı, digər ölkələrdən, o cümlədən Almaniya, Ukrayna, Moldova, Belarusdan olan tələbələr, universitetin 10-a yaxın müəllimi, Tempus proqramı çərçivəsində Lodz şəhərində səfərdə olan Naxçıvan, Sumqayıt, Lənkəran, Slavyan Dövlət universitetlərinin və Təhsil Nazirliyinin nümayəndələri, Torun şəhərindən tələbələrimiz iştirak ediblər.
Lodz Universitetinin siyasi elmlər fakültəsinin dekanı, professor Tomaş Domanski bu təhsil ocağında səfirliklə birgə bir neçə tədbirin keçirildiyini bildirib. O, Azərbaycan xalqının başına gətirilmiş Xocalı soyqırımını cinayət adlandırıb.
Səfir Həsən Həsənov Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, yaranma səbəblərindən, eyni zamanda, Cənubi Qafqazda Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasından, ermənilərin yürütdüyü siyasət nəticəsində yüz minlərlə soydaşımızın tarixi torpaqlarından qovulmasından söz açıb. O, ermənilər tərəfindən kənar qüvvələrin köməyi ilə törədilmiş Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən qanlı hadisələrdən olduğunu söyləyib. Səfir iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb. Tədbirin sonunda Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.
Lodz və digər universitetlərdə təhsil alan, tədbirin təşkilində iştirak etmiş tələbələrimiz şəhərin mərkəzində Xocalı faciəsini əks etdirən məlumat açıqcalarını, broşürləri sakinlərə təqdim edib, onlara Xocalı soyqırımı haqqında məlumat veriblər.