İQTİSADİYYAT


Lokal Gəlirlər Departamentində iş adamlarına vergi qanunvericiliyindəki dəyişikliklərin mahiyyəti çatdırılıb

Bakı, 15 may, AZƏRTAC 

Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində Bakı şəhəri ərazisində fəaliyyət göstərən sahibkarlarla, eləcə də sahibkarların ictimai birlikləri, assosiasiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun və “Nağdsız hesablaşmalar haqqında qanun”un tətbiqi, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli Qərarı ilə "Elektron qaimə-fakturanın forması" və "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydalarının tətbiqi, həmçinin “İnsan Hüquqları Aylığı” ilə bağlı insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində müzakirələr aparmaqdan ibarət olub.

Vergilər nazirinin müşaviri - Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin mahiyyətinin iş adamlarına çatdırılması üçün cari ilin əvvəlindən genişmiqyaslı maarifləndirmə və məlumatlandırma təbirlərinin həyata keçirildiyini söyləyib.

Onun sözlərinə görə, bu məqsədlə bütün vergiödəyicilərinin elektron qutularına məktublar göndərilir, izahlı praktiki vəsait və bukletlər hazırlanaraq Vergilər Nazirliyinin internet saytında, sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində yerləşdirilir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı vergi sistemində həyata keçirilən islahatlar hüquqi bazanın təkmilləşdirilməsindən tutmuş vergi inzibatçılığının yenidən qurulmasına qədər bütün sahələri əhatə edir. Bu baxımdan əlavə məlumatlandırma tədbirlərinə ehtiyac yarandığını nəzərə alaraq, Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara edilən dəyişikliklərlə bağlı sahibkarlarla, eləcə də, sahibkarların ictimai birlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iri istehsalçılar, ixrac və topdansatış, tikinti nəqliyyat və logistika, təhsil, səhiyyə, ictimai iaşə və pərakəndə ticarət və digər fəaliyyətlə məşğul olan vergiödəyiciləri ilə görüşlərin qrafiki hazırlanıb.

Qrafikə əsasən, may ayının 24-dək Bakı şəhərində, 19-dək isə regionlarda fəaliyyət göstərən vergiödəyiciləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə sahibkarların və QHT nümayəndələrinin “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar bank hesablarından vəsaitlərin nağdlaşdırılması, belə əməliyyatlara 1 faizlik sadələşdirilmiş verginin tətbiqi ilə bağlı yaranan bir sıra çətinliklər, ictimai iaşə və pərakəndə ticarət fəaliyyəti sahəsində gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı yeni qəbul edilmiş qaydalar, əldə edilən malların, iş və xidmətlərin sənədləşdirilməsi, uçotun şəffaflığının təmin edilməsi sahəsində ortaya çıxan sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.