İQTİSADİYYAT


Lökbatan-Qobu avtomobil yolu yenidən qurulur

Bakı, 15 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Tikinti işlərini həyata keçirən “Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən 4-cü texniki dərəcəyə uyğun avtomobil yolunun uzunluğu 7,2 kilometrdir.

Hazırda yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 metr enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl və optimal qırmadaş qarışığlarından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 metr təşkil edir. Hər bir istiqamət üzrə 1,5 metr enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1,6-2-ci kilometrlik hissəsində 450 metr uzunluğunda istinad divarlarının inşası da aparılır.

Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 millimetr diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 metr olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 millimetr diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.

Tikinti işləri yekunlaşdıqdan sonra yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yol-cizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Qeyd olunub ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.