İQTİSADİYYAT


Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu avtomobil yolunda aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, layihəyə əsasən uzunluğu 7,2 kilometr olan Lökbatan-Qobu avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və 10 metr enində yeni torpaq yatağı inşa olunub. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi işləri aparılıb.

Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 50 min kvadratmetr ərazinin asfaltlanması planlaşdırılır.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 metr təşkil edir. Hər bir istiqamət üzrə 1,5 metr enində çiyinlərin tikintisi işləri də görülüb. Bundan başqa yolun 1,6-2-ci kilometrlik hissəsində 450 metr uzunluğunda istinad divarları inşa olunub.

Yolda tikinti işləri tam olaraq bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yol-göstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

Sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişindaşıması yaxşılaşacaq. Bundan başqa Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınacaq şəhərcikdən yola birbaşa çıxış təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.