QAN YADDAŞI
“London LIVE” kanalında “Sonsuz dəhliz” filmi nümayiş etdirilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 19-da “London LİVE” televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz” (“Endless corridor”) sənədli filmi nümayiş etdirilib. Filmin bu kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.
“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda törədilmiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.
Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa”, 2016-cı ilin yanvar ayında “Humanitar” mükafatlarına layiq görülüb.
Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “TRT 1”, “Kanal 24”, “CNN Türk” kanallarında, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” kanallarında nümayiş etdirilib.