MƏDƏNİYYƏT
Londonda “Azərbaycan: Qərb ilə Şərq arasında körpü” kitabının təqdimatı olub
London, 7 mart, AZƏRTAC
Londonda tanınmış yazıçı Yuri Siqovun müəllifi olduğu, Böyük Britaniyada nəşr edilmiş “Azərbaycan: Qərb ilə Şərq arasında körpü” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycanın Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə bu ölkənin Hertfordshire Press nəşriyyatı tərəfindən çap edilib.
Mərasimdə London şəhərinin Çelsi və Kensinqton rayonunun meri, Belarusun və Qazaxıstanın Londondakı səfirləri, diplomatlar, Azərbaycan icmasının üzvləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, ölkəmiz dünyada təkcə enerji resursları ilə deyil, eyni zamanda, zəngin mədəni irsi, tarixi, incəsənəti və milli mətbəxi ilə də tanınır. Azərbaycan strateji cəhətdən Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Ölkəmiz həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır Y.Siqovun müəllifi olduğu kitab Azərbaycanı daha yaxından tanımaq istəyənlər üçün geniş imkanlar açır.
Çelsi və Kensinqton rayonunun meri xanım Maighread Condon-Simmonds Azərbaycanı daha yaxından tanımaq, sədəcə ölkənin inkişafı deyil, onun xalqı və adət-ənənələri barədə öyrənmək istəyən insanlar üçün yazılmış kitabın əhəmiyyətini qeyd edib. O, kitabın ölkənin mədəniyyətinin Böyük Britaniyada geniş şəkildə tanıdılmasına, Azərbaycan və Britaniya cəmiyyətləri arasında qarşılıqlı anlaşmaya töhfə verəcəyini vurğulayıb.
Müəllif Yuri Siqov Azərbaycan ilə Britaniya arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. O, Britaniyada Azərbaycan haqqında kitab yazmaqdan məmnunluğunu ifadə edib.
Kitab haqqında məlumat verən müəllif Azərbaycan ilə maraqlanan hər kəsin, o cümlədən Britaniya ictimaiyyətinin ölkə haqqında çox maraqlı məlumatlar əldə edəcəyini diqqətə çatdırıb. Azərbaycan xalqının mədəniyyəti, tarixi, incəsənəti haqqında danışan Y.Siqov ölkə əhalisinin qonaqpərvər olduğunu vurğulayıb. Azərbaycanın neft sənayesi tarixindən də bəhs edən müəllif kitabda ölkə haqqında qədim zamanlardan müasir inkişaf dövrünə qədər maarifləndirici məlumatların olduğunu bildirib. Y.Siqov deyib: “Kitabı oxuyan Azərbaycanın nəyə görə Şərq ilə Qərb arasında körpü olduğunu dərk edəcək”.
Daha sonra müəllif tədbir iştirakçılarına paylanan kitabları imzalayıb.
Tədbir çərçivəsində “Azərbaycan: Gələcəyin diyarı” adlı videoçarx nümayiş olunub və ziyafət təşkil edilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London