MƏDƏNİYYƏT
Londonda Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” tamaşasının premyerası böyük maraqla qarşılanıb
London, 28 fevral, AZƏRTAC
“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” incəsənət festivalı çərçivəsində Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
İngilis dilində immersiv tamaşa formasında ilk dəfə səhnələşdirilən “Teleskop”un rejissoru Metyu Qulddur.
Dünyanın böyük teatrlarında müxtəlif dillərdə səhnəyə qoyulmuş bu pyesin 11 nəfərlik aktyor heyətindən ibarət Böyük Britaniya tərtibatında baş rolları tanınmış britaniyalı aktyorlar və televiziya ulduzları Kris Simmons və Tanya Frenks ifa ediblər.
Elçinin acılı-şirinli satirası bizlərə öldükdən sonra cənnətə gedən yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə gözləyən digər ruhlarla dolu cənnətə gedən yol stansiyasına düşür. Keçmiş sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına – onların özü haqqında həqiqi düşüncələrinə göylərdən baxmaq üçün qeyri-adi bir imkan qazanır və bu zaman mühüm həqiqətləri aşkar edir.
Azərbaycanın tanınmış dramaturqlarından olan Elçin müasirliyin üzərimizdə olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini qeyd edir. Onun xarakterik qəhrəmanları çox vaxt sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. “Teleskop” Elçinin sərrast və eyni zamanda, incə satirik üslubunun bütün əlamətlərini özündə birləşdirir. Tamaşada baş rolu – “Kişi” obrazını Kris Simmons, “Qadın” rolunu isə Krisin əksini ifa edən Tanya Frenks oynayır.
Aktyor heyətində, həmçinin Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman, Felisiti Colli və Hanna Genesius da yer alıb.
Tamaşa Azərbaycan mədəniyyətinin və incəsənətinin tanınmasına xidmət edən “Buta” festivalının zəngin repertuarı çərçivəsində “Alov” teatrı tərəfindən səhnələşdirilib.
Tamaşanın premyerasında Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz, Londonda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici sənətsevərlər iştirak ediblər.
Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları, televiziya ulduzları Kris Simmons və Tanya Frenks əsərdə rol almalarından məmnunluqlarını ifadə ediblər. Elçinin Azərbaycanın görkəmli yazıçılarından biri kimi Britaniyada tanındığını və çox sevildiyini diqqətə çatdıran baş rolların qəhrəmanları əsərin səhnələşdirilməsi prosesi haqqında da məlumat veriblər. “Əsərin mövzusu əslində bütün insanlıq üçün maraqlıdır. Bunu dünya haqqında bilmədiyimiz və dərin maraqla qarşıladığımız mövzuların incəsənətdə təzahürü kimi də qiymətləndirmək olar. Hamı tərəfindən sevilən yazıçının əsərinin səhnələşdirilməsində baş rolları oynamaq böyük bir məsuliyyətdir. Ümid edirik ki, bunun öhdəsindən layiqincə gəlməyi bacarırıq”, - deyə aktyorlar qeyd ediblər. Tamaşanın hazırlıq qrupu haqqında da məlumat verən K.Simmons və T.Frenks işgüzar bir kollektivlə çalışdıqlarını vurğulayıblar.
Tamaşaçı Fəridə Pənahova Elçinin əsərinin Londonda səhnələşdirilməsini Azərbaycan mədəniyyətinin təbliği və tanınması baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Tamaşanın çox maraqlı və maarifləndirici olduğunu söyləyən F.Pənahova Şərq mədəniyyətini də özündə əks etdirən tamaşanın xüsusilə Qərb ictimaiyyətində böyük maraq doğurduğunu diqqətə çatdırıb.
Tamaşa martın 7-dək nümayiş etdiriləcək.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London