İQTİSADİYYAT


Londonda Dövlət Dəniz Administrasiyasının iştirakı ilə yük və konteynerlərin daşınması müzakirə ediləcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 7-16-da Beynəlxalq Dəniz Təşkilatının (BDT) Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98–ci sessiyası keçiriləcək. 1995–ci ildən Azərbaycan Respublikasının üzv olduğu adıçəkilən Beynəlxalq Təşkilatın sessiyasında Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçiriləcək sessiyanın gündəliyində etimadnamələr haqqında məruzə, Beynəlxalq Dəniz Təşkilatının digər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, BDT–nin sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, BDT alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.

Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974–cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994–cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000–ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlərin qəbul edilməsi məsələləri nəzərdən keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.