MƏDƏNİYYƏT
Londonda “Sən həmişə mənimləsən” tamaşasının Avropa premyerası keçirilir
Tamaşa görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
Tamaşa Londonda fəaliyyət göstərən Aloff Teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində nümayiş etdirilir.
Britaniyalı aktyorlar tərəfindən ifa olunan tamaşanın quruluşçu rejissoru Filiz Özcan, tərcüməçisi Aloff Teatrının prodüseri Sənan Əliyevdir.
İlk dəfə 1964-cü ildə səhnələşdirilən tamaşanın rezonansları bu gün də müasir dövrün tələbləri ilə səsləşir. Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində sevginin necə müxtəlif formalar aldığını və dünyanın buna reaksiyasını göstərir.
Tamaşanın təşkili və pyesin səhnələşdirilməsi haqqında AZƏRTAC-a məlumat verən əsərin tərcüməçisi Sənan Əliyev hazırlıq prosesinin uğurlu keçdiyini bildirib. İlyas Əfəndiyevin əsərlərinin xarici auditoriya tərəfindən sevildiyini vurğulayan S.Əliyev, pyesin Londonda səhnələşdirilməsinin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd edib.
Tamaşa sentyabrın 27-dək nümayiş etdiriləcəkdir.
Bu günlər “Sən həmişə mənimləsən” pyesi əsasında hazırlanmış tamaşanın Avropa premyerası keçirilən İlyas Əfəndiyevin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərib. Respublikamızda teatr səhnəsinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının özünəməxsus yeri vardır. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yazıçının xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London