QAN YADDAŞI


Londonda “Xocalı” tamaşası nümayiş olunub

London, 12 dekabr, AZƏRTAC

Britaniyada fəaliyyət göstərən “Aloff” teatrının təşkilatçılığı ilə Londondakı Azərbaycan evində “Xocalı” tamaşası nümayiş etdirilib.

Tamaşaya yerli və xarici ictimaiyyətin nümayəndələri böyük maraq göstəriblər.

Yetmiş dəqiqəlik səhnə əsərinin ssenarisi Xocalı faciəsində sağ qalanların müsahibələri əsasında yazılıb. Tamaşa üçü qadın və üçü kişi olmaqla Xocalı faciəsində sağ qalan soydaşlarımızın faciədən qabaqkı və sonrakı həyatlarını əks etdirən xatirələrin danışılması əsasında qurulub.

Aktyor və aktrisalar “Aloff” teatrının rəhbəri və tamaşanın prodüseri Sənan Əliyevin rəhbərliyi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi, Londondakı Azərbaycan evi, bu şəhərdə fəaliyyət göstərən “Mergul” hüquq şirkəti və layihə üçün təşkil edilmiş onlayn xeyriyyə kampaniyasının dəstəyi ilə Azərbaycana səfər edib və Xocalıdan olan məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və onlardan müsahibələr alıblar.

S.Əliyev bu layihənin məqsədinin Xocalı soyqırımını şahidlərin dili ilə dünya ictimaiyyətinə çatdırmaq, teatr dili ilə hadisələri həm Britaniyada, həm də Avropada müxtəlif tədbir və festivallarda səhnələşdirməkdən ibarət olduğunu bildirib. Tamaşanın prodüseri layihəyə dəstək verən hər kəsə, xüsusilə “Xocaliya Ədalət” təbliğat və təşviqat kampaniyasına dərin minnətdarlığını ifadə edib.

Layihənin fəal dəstəkçilərindən olan azərbaycanlı hüquqşünas Rauf Xəlilov səhnə əsərinin gözlənildiyindən daha peşəkar alındığını və tamaşanın daha böyük auditoriyalarda nümayişini səbirsizliklə gözlədiyini bildirib.

“Aloff” teatrı fevral ayında Xocalı faciəsinin ildönümü ərəfəsində səhnə əsərinin daha böyük auditoriyaya çıxarılması üçün maliyyə dəstəyi məsələləri ilə məşğuldur. Eyni zamanda, tamaşanın Bakı, Berlin, Moskva və Şotlandiyada nümayiş etdirilməsi planlaşdırılıb.

Tamaşadan sonra aktyorlar və S.Əliyev iştirakçıların suallarını cavablandırıblar.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.