DÜNYA
Londonda ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib
Bakı, 24 may, AZƏRTAC
Böyük Britaniya hökuməti Mançesterdə baş verən partlayışdan sonra terror təhlükəsi səviyyəsini maksimuma qaldırmaq qərarına gəlib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət başçısı Tereza Mey kabinet üzvləri ilə gün ərzində ikinci dəfə keçirilən təcili iclasdan sonra bildirib.
Bu, Britaniya tarixində terror təhlükəsi səviyyəsinin üçüncü dəfə maksimim səviyyəyə qaldırılması halıdır.
2013-cü ildə Londonun şərqində hərbçi Li Riqminin qətlinə və 2017-ci ilin martında parlament binası qarşısında törədilən terror aktına, həmçinin Avropada silsilə hücumlara baxmayaraq, Britaniya hökuməti terror təhlükəsi səviyyəsini qaldırmaqdan imtina etmişdi.
Xatırladaq ki, ötən gecə yerli vaxtla təxminən saat 22:35-də, “Manchester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra partlayış baş verib. Partlayıcı qurğu konsert zalının foyesində işə salınıb. Son məlumata əsasən hadisə nəticəsində 22 nəfər həlak olub, 120 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 59-u hələ də xəstəxanalarda müalicə olunur. Bundan başqa, bir neçə yeniyetmə də itkin düşmüş sayılır.
Hadisənin məsuliyyətini İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.