SİYASƏT
Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Bakı, 25 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mayın 23-də bir qrup azərbaycanlı və onlarla həmrəylik nümayiş etdirən beynəlxalq hüququn dəstəkçiləri Londonda bir araya gələrək iki günahsız dinc azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olan öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz aksiyası keçiriblər.
Avropa Azərbaycan Cəmiyyəti (TEAS), Böyük Britaniyadakı Azərbaycan icması və Türk Assosiasiyaları Federasiyası etiraz aksiyasına dəstək veriblər.
Ermənistanın Böyük Britaniyadakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər. Bu iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüblər. Digər üçüncü şəxs - 38 yaşlı Həsən Həsənov isə öldürülüb. Dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro etiraz aksiyası ilə bağlı şərh verib: “Dilqəm və Şahbaz öz qədim torpaqlarına valideynlərinin qəbrinə baş çəkmək məqsədilə getmiş iki günahsız mülki şəxsdir. Bu, onların insan haqqıdır və qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarını işğal edən ermənilərin onların qarşısını almağa heç bir haqqı çatmır, o ki qaldı qanunsuz şəkildə saxlayıb işgəncə verməyə və hərbi təxribatçı olduqlarını iddia etməyə. Onların şəklini görən istənilən şəxsə aydın olur ki, bu iki şəxs yaşlı insanlardır, əsgər deyillər. Onların həbs edilməsi və qondarma məhkəmə tərəfindən mühakimə olunması insan haqlarına ziddir və Cenevrə Konvensiyasının pozulması deməkdir. Biz burada bu şəxslərin dərhal azad olunmasını və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq”.
Bildirilib ki, qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına, beynəlxalq humanitar hüquqa, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasına ziddir və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad olunmasını tələb ediblər.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini həmin girovların mülki şəxs olduğunu nəzərə alaraq bu qeyri-qanuni aktı pisləyib.
Bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bu günə qədər davam edir. İşğalçı Ermənistan qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir.