SİYASƏT
Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçiriblər
Bakı, 20 aprel, AZƏRTAC
Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn müdafiəçiləri bir araya gələrək iki günahsız mülki azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olan öz doğma rayonları Kəlbəcərdə girov götürülməsinə qarşı etiraz piketi keçiriblər.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər.
Girovluqda olan iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. 38 yaşlı Həsən Həsənov isə qətlə yetirilib. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cək Peqoraro deyib ki, azərbaycanlı girovlar onların torpağını zəbt edən işğalçıların qondarma məhkəməsi tərəfindən mühakimə olunublar. Onların yaşını diqqətə alsaq, bu insanların öz doğmalarının qəbirlərini ziyarət etməkdən başqa bir niyyətlə ora getdiklərini düşünmək cəfəngiyat olar. Biz buraya bu şəxslərin dərhal azad edilməsini və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq.
Həmin şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, beynəlxalq humanitar hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb ediblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini həmin girovların mülki şəxs olduqlarını nəzərə alaraq, bu qeyri-qanuni aktı pisləyib.
Diqqətə çatdırılıb ki, bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal indiyədək davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir.