MƏDƏNİYYƏT
Londonun "Qlobus" teatrı Bakıda "Hamlet"i təqdim etdi
Bakı, 3 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Londonun "Qlobus" teatrı Bakıya gəlib və "Hamlet" tamaşasını paytaxt sakinlərinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətilə oktyabrın 3-də Dövlət Akademik Milli Dram Teatrında qonaqların iştirakı ilə mətbuat konfransı keçirilib.
Teatrın bədii rəhbəri və baş rejissoru, Xalq Artisti Azərpaşa Nemət qonaqları salamlayaraq bildirib ki, Böyük Britaniya Birləşmiş Krallığının mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatı olan "Britiş Council", Avropa Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə ölkəmizdə reallaşan bu görüş bütün sənət adamlarını sevindirir.
Xalq Artisti Azərbaycanda "Hamlet"in dəfələrlə tamaşaya qoyulduğunu və çox sevildiyini söyləyib. Hələ 1927-ci ildən Azərbaycan səhnəsində "Hamlet"in oynanıldığını, özünün də rejissorluğu ilə 2001-ci ildən başlayaraq dəfələrlə nümayiş etdirildiyini vurğulayıb.
Tamaşaçıların "Hamlet"i yenə də rəğbətlə qarşılayacağına əminliyini ifadə edib.
Qafqazda ilk dəfə Bakıda olduqlarını söyləyən tamaşanın rejissoru Tom Bort "Qlobus" Teatrının "Hamlet" tamaşasını 109 ölkədə nümayiş etdirməyi qərara aldığını söyləyib. Bildirib ki, U.Şekspirin anadan olmasının 450 və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" Teatrı 2014-cü il aprelin 23-dən 2016-cı il aprelin 23-dək davam edəcək dünya turnesinə çıxıb.
Vurğulanıb ki, teatrın əsas məqsədi "Hamlet" tamaşasını iki il müddətində dünyanın bir çox ölkəsində nümayiş etdirməkdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün kontinentlərinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edib.
Tamaşanı Azərbaycandan sonra 65 ölkədə də nümayişi nəzərdə tutulur. Ən son dayanacaqlarının Türkmənistan olacağını söyləyən T.Bort "Hamlet" tamaşasını yanvarda İranda təqdim edəcəklərini bildirib.
Azərbaycana gəlməkdən məmnun olduğunu söyləyən T.Bort həmçinin şəhərimiz haqqında fikirlərini bölüşüb, Bakının mədəni, teatral mühiti olduğunu vurğulayıb.
Qeyd edək ki, "Qlobus" Teatrının aktyorları "Hamlet" tamaşasını dublyorlarla ifa edirlər. Uzun müddət qastrol səfərində olduqlarından "Hamlet"i növbəli oynayacaqlarını söyləyiblər.
Jurnalistlərin suallarını cavablandıran qonaqlar sonda "Hamlet" tamaşasını nümayiş etdiriblər. Tamaşa ingilis və Azərbaycan dilində subtitrlərlə təqdim olunub.
Səhnə əsəri maraqla qarşılanıb.