MƏDƏNİYYƏT


Londonun nüfuzlu “Halı” jurnalı Azərbaycanın dekorativ-tətbiqi sənətindən yazır

Bakı, 9 avqust, AZƏRTAC

Londonda çıxan rüblük “Halı” jurnalının 190, 191 və 192-ci nömrələrində Azərbaycan dekorativ-tətbiqi sənətinə və oktyabrın 17-dən 20-dək Bakıda keçiriləcək V Beynəlxalq Azərbaycan xalçası simpoziumuna həsr olunmuş bir neçə məqalə dərc edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 2016-cı il 14 noyabr tarixli Sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən müvafiq işlər aparılıb.

Otuz beş illik tarixə malik dünyaca məşhur London nəşriyyatı tərəfindən bu mövzuya yüksək maraq göstərilməsi Mədəniyyət və Turizm Nazirliyinin xarici informasiya siyasəti və beynəlxalq xalça birliyi ilə davamlı əlaqələrin qurulması istiqamətində uzun müddətli fəaliyyətinin nəticəsidir. 2016-cı ilin noyabr ayında ölkəmizin bölgələrinə təşkil edilmiş səfər nəticəsində baş redaktor Ben Evansın rəhbərliyi ilə “Halı” jurnalının redaksiya heyəti, öz yazıları üçün kifayət qədər maraqlı və bu vaxtadək xalça mütəxəssislərinə məlum olmayan materiallar toplayıb. “Halı” jurnalı qarşıdan gələn simpoziumun rəsmi informasiya əməkdaşı olaraq hazırda dünya kolleksiyalarında saxlanılan nadir Azərbaycan tikmələri mövzusunda yeni kitab layihəsi üzərində işləyir.

Jurnalın 191-ci nömrəsində Azərbaycan Milli İncəsənət Muzeyinin ehtiyat fondunda saxlanılan XVIII əsrə aid xalça tikmələri ilk dəfə olaraq dərc edilib. Azərbaycan xalçalılıq sənətinin erkən dövrünə aid əjdaha təsvirli tikmələr beynəlxalq ekspertlər üçün yüksək maraq kəsb edir və ilk dəfə simpozium zamanı ekspozisiyaya çıxarılacaq. Xarici mütəxəssislərin “qafqazlı” adlandırdığı digər xalça növlərindən fərqli olaraq sözügedən tikmələr Azərbaycan maddi mədəniyyətinin yeganə nümunələridir ki, beynəlxalq ədəbiyyatda bütövlükdə məhz “Azərbaycan tikmələri” kimi qeyd edilir.

Yerli və xarici mütəxəssislərin birgə səyləri nəticəsində Azərbaycanın tarixi ərazilərindən olan xalçaların daha dəqiq atribusiyasına start verilib. Çox hallarda xalçaların mənşəyinin hansı regiona (məsələn, “Şirvan” və ya “Qarabağ”) aid olduğundan əlavə, habelə həmin torpaqların müasir Azərbaycan dövlətinə məxsus olması da qeyd edilir. Jurnalın 192-ci nömrəsində Qarabağın unikal Əjdahalı xalçasının Azərbaycan xalçası adı altında təqdim olunması beynəlxalq elmi dairələrdə xalq tətbiqi sənətimizin özünütəsdiqidir.

Bundan başqa, “Halı” jurnalı oktyabrın 21-dən 27-dək Azərbaycan və Gürcüstana ilk kommersiya turunu təşkil edəcək. Bu barədə http://www.hali.com/tours/brochure-azerbaijan-georgia-october-2017 internet ünvanında geniş məlumat əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.