MƏDƏNİYYƏT
Los-Ancelesdə Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib
Los-Anceles, 26 iyul, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində ölkəmizin bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.
Azərbaycan musiqisinin ABŞ-da geniş təbliğ olunmasına baş konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat bu səpkidə 2013-cü ildə “Arşın mal alan” operettasının Los-Ancelesdə, 2014-cü ildə isə “Yeddi gözəl” baletinin San-Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.
Eyni zamanda, diplomat qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsəri sırasına daxil edilərək Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
Baş konsul Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan musiqisi və mədəniyyətinin qorunması və dünyada tanıdılması sahəsində böyük işlər gördüyünü söyləyib, bütün bunların zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırılması baxımından yüksək önəm daşıdığını qeyd edib.
“Bir Ürək Xilas Et” Fondunun rəhbərləri İzhar Xaruzi və Esfir Blauqrundun da çıxış etdikləri tədbirdə “Arşın mal alan” operettasının və “Yeddi gözəl” baletinin ABŞ premyeralarından fraqmentlər nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycana, xüsusilə onun musiqi və mədəniyyətinə dair müxtəlif nəşrlər və disklər təqdim olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles