MƏDƏNİYYƏT


Los-Ancelesdə Azərbaycan kulinariyası üzrə ustad dərsi keçirilib

A+ A

Vaşinqton, 8 iyun, AZƏRTAC

Los-Ancelesdə Azərbaycan kulinariyası üzrə ilk dəfə ustad dərsi keçirilib. Tədbir “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyuranın dəstəyi və iştirakı ilə “196Flavors” dünya kulinariya bloqunun banisi Maykl Benayun tərəfindən təşkil olunub. Ustad dərsi Los-Anceles şəhərinin Santa-Monika rayonunda “Stage + Table” təşkilatının binasında keçirilib. Təşkilatın aylıq interaktiv və sosial kulinariya seminarları çərçivəsində keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 98-ci ildönümünə həsr olunub.

Kulinariya mövzusunda interaktiv ustad dərsinin iştirakçıları Azərbaycanın milli mətbəxi ilə tanış olub, “yalançı dolma”, “döşəmə plov”, paxlava və şərbət kimi ənənəvi Azərbaycan yeməklərinin hazırlanması qaydalarını praktikada öyrəniblər. Praktiki məşğələdə tətbiq edilmiş bütün reseptlər AZcookbook.com bloqundan və Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabından götürülüb.

Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı 2014-cü və 2015-ci illərdə iki dəfə nəşr edilib. Azərbaycan mətbəxinə aid ingilis dilində geniş əhatəli ilk nəşr olan kitab 336 səhifədən ibarətdir. Burada oxuculara Qərb ölkələri şəraitində hazırlanmaq üçün uyğunlaşdırılmış 200 növ qəlyanaltı və salat, müxtəlif şorbalar, xəmir xörəkləri, ət, tərəvəz və yumurta ilə hazırlanan yeməklər, müxtəlif çörək növləri, plov, sərinləşdirici içkilər və desertlər üçün reseptlər təklif olunur. Nəşrdə Fəridə Buyuranın populyar AZcookbook.com bloqundan seçmə reseptlərə, Azərbaycan mədəniyyəti barədə hekayələrə, Azərbaycan mətbəxi və qonaqlıq süfrəsi ilə bağlı atalar sözlərinə geniş yer ayrılması bu kitaba bənzərsiz kolorit verir.

(Fotoşəkillər “196Flavors” bloqunun nümayəndələri tərəfindən çəkilib).

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.