CƏMİYYƏT


Los-Ancelesdə Azərbaycana dair sənədli filmlərdən ibarət DVD disklər toplusu buraxılıb VİDEO

Vaşinqton, 22 dekabr, AZƏRTAC

Los-Ancelesdə Azərbaycana dair sənədli filmlərdən hazırlanmış DVD disklər toplusu buraxılıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn “Azərbaycan inciləri” adlı topluya 5 sənədli film daxildir. Filmlərin çəkilişi Los-Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkəti tərəfindən aparılıb. Qeyd edək ki, üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş “ECONEWS” şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır.

Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizdə mövcud olan multikultural mühitdən, müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarından söhbət açılır.

DVD disklər toplusundakı filmlərdə Azərbaycanın özünəməxsus maddi və mənəvi dəyərləri estetik çalarlarla tamaşaçılara təqdim olunur. Tamaşaçı hər bir filmdə xalq və bəstəkar mahnılarımızın müşayiəti ilə Azərbaycanın tarixi-mədəni irsinə, eləcə də füsunkar təbiətinə vizual səyahət edir. Filmlərin professional quruluşu və rəngarəng kadrları uzaq ABŞ tamaşaçısında ölkəmizə böyük maraq və rəğbət hissi oyada bilir.

Topluda istifadə olunan filmlər Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun birgə dəstəyi ilə hazırlanaraq bu il tamaşaçıların ixtiyarına verilib. Filmlərin çəkilməsi məqsədilə “ECONEWS” şirkətinin rəhbəri Nensi Perlmanın rəhbərlik etdiyi qrup Bakıda və Azərbaycanın digər guşələrində səfərdə olub.

Filmlər artıq Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanıb.

Filmlərin tam versiyalarına bu linklər vasitəsilə baxmaq olar:

Azerbaijan: Land of Hope & Inspiration – https://goo.gl/ccU4CR

Baku: Jewel of the Caspian - https://goo.gl/tYeeso

Christian & Muslim Villages of Azerbaijan - https://goo.gl/pXx2G8

Jews of Azerbaijan: A Model for Muslim-Jewish Coexistence - https://goo.gl/y8qklr

Cultural & Natural History of Azerbaijan - https://goo.gl/Q8mO0c

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.