İDMAN
Los-Ancelesdə Azərbaycanın idman nailiyyətləri qeyd olunub
Los-Anceles, 31 iyul, AZƏRTAC
Hazırda Los-Ancelesdə keçirilən Ümumdünya Xüsusi Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin şərəfinə ölkəmizin bu şəhərdəki baş konsulluğu tərəfindən ziyafət təşkil edilib.
Ziyafətdə idmançılar, onların məşqçiləri və nümayəndə heyətinin digər üzvləri, Los-Anceles ictimaiyyətinin nümayəndələri, xarici diplomatlar və müxtəlif icmaların təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının 2015-ci ildə dünyada keçirilən ən böyük idman yarışı olduğunu bildirib. O, belə bir mötəbər yarışda Azərbaycanın iştirakının önəmini vurğulayıb və yarışın ilk günlərindən etibarən Azərbaycan idmançılarının uğurlu nəticələr göstərməyə başladıqlarını bildirib. Baş konsul bunun Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını bir daha əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb.
N.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə etməsi ilə yanaşı, bu gün qabaqcıl bir idman ölkəsinə də çevrildiyini qeyd edib. Bildirib ki, iyun ayında ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı Azərbaycanın yüksək səviyyədə nümayiş etdirdiyi ev sahibliyindən və əldə etdiyi nəticələrdən bütün xalqımız qürur duyur.
Nümayəndə heyətimizin rəhbəri, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev Los-Ancelesdə keçirilən bu yarışda ölkəmizi layiqincə təmsil etmələri üçün böyük əzmlə hazırlaşdıqlarını bildirib. O, idmançılarımızın sözügedən yarışda artıq 8 qızıl, 6 gümüş və 2 bürünc olmaqla 16 medal qazandıqlarını qeyd edərək, bu uğurların arxasında Azərbaycan Prezidentinin idmanın inkişafına hərtərəfli dəstəyinin dayandığını vurğulayıb. Ş.Əliyev, həmçinin bu yarışda ağırlıqqaldırma üzrə 2 gümüş və 1 bürünc medal qazanmış idmançı Aytac Səmədovanı xüsusilə təqdim edib. Qeyd edib ki, A.Səmədova vaxtilə Xocalı soyqırımının şahidi olmuş, bu soyqırımında yaxınlarını itirmiş bir ailənin qızıdır. O, bütün bu iztirablara, məcburi köçkün həyatı yaşamasına baxmayaraq, A.Səmədovanın bu gün Los-Ancelesdə əldə etdiyi nailiyyətlərin Azərbaycan qızlarının dəyanətinin bariz göstəricisi olduğunu diqqətə çatdırıb.
Daha sonra Beverli Hills şəhərinin sabiq meri Cimmi Delşad çıxış edib. O, belə bir mühüm tədbirə qatılmaqdan məmnun olduğunu diqqətə çatdıraraq mer olduğu müddətdə Azərbaycana etdiyi səfərlərdən danışıb. Sabiq mer Azərbaycanın bir çox sahələrdə bütün dünya üçün nümunə ola biləcək xüsusiyyətlərə malik olduğunu bildirib, müxtəlif dinlərin və millətlərin Azərbaycanda dinc və qarşılıqlı ehtiram şəraitində yaşamasını, qadınların hüquqlarının qorunması sahəsində əldə olunmuş yüksək nəticələri xüsusi vurğulayıb.
Sonra Bakıda keçirilmiş Avropa Oyunlarına dair videosujetlər nümayiş etdirilib.
Tədbirin sonunda idmançılara və nümayəndə heyətinin digər üzvlərinə hədiyyələr təqdim olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles