CƏMİYYƏT
Los-Ancelesdə Azərbaycanla bağlı kitabça nəşr olunub
Los-Anceles, 3 may, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə bu şəhərdə ölkəmizə dair kitabça nəşr edilib.
“Azerbaijan: Land of Hope, Tolerance and Inspiration” adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir. Kitabçada Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlət kimi inkişafı, əldə etdiyi uğurlar və regionun lider dövlətinə çevrilməsi qeyd olunur. Nəşrdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, “Cənub Qaz Dəhlizi” layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur.
Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən danışılır.
Ölkəmizin zəngin mədəniyyətinin konkret faktlarla işıqlandırıldığı kitabçada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəni irsinin qorunmasında, təbliğində və dünyada tanıdılmasında oynadığı önəmli rol qeyd olunur.
Nəşrdə, həmçinin dövlət tərəfindən təhsil sahəsinə və sosial innovasiyalara göstərilən yüksək diqqət nəzərə çatdırılır. Bu qəbildən, Azərbaycanda 2004-cü ildən bəri 3000 yeni məktəbin tikilməsi və bütün regionun ən güclü universiteti olan “ADA” Universitetinin təhsil sahəsində əldə etdiyi uğurlar barədə söhbət açılır. Həmçinin “ASAN xidmət” mərkəzlərinin dövlət idarəçiliyində şəffaflığın yaradılmasında oynadığı mühüm rol vurğulanaraq, “ASAN xidmət” təcrübəsinin digər ölkələr tərəfindən də öyrənildiyi bildirilir.
Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də əksini tapıb.
Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles