SİYASƏT


Los-Ancelesdə Ermənistanın işğalçılıq siyasətinə dair kitabça nəşr olunub

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los-Ancelesdə Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabça nəşr olunub.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, kitabçanın nəşrində əsas məqsəd Ermənistanın işğalçılıq siyasəti barədə ABŞ ictimaiyyətinin müxtəsər və konkret şəkildə, dəqiq və tutarlı faktlarla məlumatlandırılmasıdır.

“Nagorno-Karabakh: Background and Facts” (Dağlıq Qarabağ: Tarix və Faktlar) adlı kitabçada Ermənistanın ölkəmizə qarşı apardığı tarixi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs olunur. Kitabçanın “Azərbaycana Qarşı Təcavüz” və “Azərbaycan Torpaqlarında Aparılan Etnik Təmizləmə” bölmələrində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti faktlarla işıqlandırılır. Vurğulanır ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri, ABŞ Prezidenti B.Klintonun, vitse-prezidenti D.Çeyninin və ABŞ Dövlət Departamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən tarixi bəyanatları və digər hüquqi sənədlər də kitabçada öz əksini tapıb.

Kitabçanın “Tarixi Faktlar” bölməsində isə Dağlıq Qarabağın tarixi haqqında məlumat verilir. Bildirilir ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ tarixən müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında böyük rol oynayıb. Sözügedən bölmədə, həmçinin Kürəkçay və Türkmənçay müqavilələrinin vurduğu ağır zərbələrdən danışılır, bu müqavilələr nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin süni şəkildə artırıldığına diqqət çəkilir.

Nəşrdə xüsusi bir bölmə isə Xocalı soyqırımına həsr olunub. Bildirilir ki, soyqırımı nəticəsində aralarında uşaqlar, qadınlar və yaşlılar da olmaqla günahsız dinc Xocalı sakinləri Ermənistan qoşunları tərəfindən qətlə yetirilib.

Kitabçada Xocalı soyqırımı barədə beynəlxalq ictimaiyyətin maarifləndirilməsinə dair Azərbaycan tərəfindən aparılan məqsədyönlü işin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasının müsbət nəticələr verdiyi diqqətə çatdırılaraq, bu qətliamın dünyanın artıq bir çox dövləti, eləcə də ABŞ-ın 22 ştatı tərəfindən pislənildiyi bildirilir.

Qeyd edək ki, oxucuların daha dolğun və müqayisəli şəkildə məlumatlandırılması üçün Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizdə mövcud olan mədəni-tarixi abidələrimizin, şəhər, kənd və qəsəbələrimizin müxtəlif illərə aid fotoşəkillərinə də yer verilir.

Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.