DÜNYA
Los-Ancelesdə “Qızıl qlobus” mükafatının 74-cü təqdimetmə mərasimi keçirilir VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Los-Ancelesdə Xarici Jurnalistlər Assosiasiyasının kino və televiziya sahəsində xidmətlərə görə təqdim etdiyi və əhəmiyyətinə görə yalnız “Oskar”dan geri qalan “Qızıl qlobus” mükafatının 74-cü təqdimetmə mərasimi keçirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ümumilikdə 20 kateqoriyadan ibarət mükafatın nominantları ötən ilin dekabrında elan olunub.
Kanadalı aktyor Rayan Qoslinq “La-La Lend” filmindəki roluna görə “Komediya və ya müzikldə ən yaxşı aktyor” nominasiyası üzrə “Qızıl qlobus” əldə edib. Həmin kateqoriyanın “Ən yaxşı aktrisa”sı isə eyni filmdə çəkilən Emma Stoun olub. Müziklin özü də “Ən yaxşı komediya və ya musiqili film” kateqoriyasında “Qlobus”a yiyələnib.
Barri Cenkinsin “Ay işığı” filmi “Ən yaxşı dram” kateqoriyasında mükafat qazanıb. Britaniya kral ailəsinin tarixindən bəhs edən “Tac” filmi “Ən yaxşı dramatik çoxseriyalı ekran əsəri” elan olunub. Britaniyalı aktrisa Kler Foy isə bu filmdə gənc II Elizabeta rolunun ifasına görə mükafata layiq görülüb.
“O qadın” filmi “Xarici dildə ən yaxşı film”, baş rolun ifaçısı fransalı İzabel Yupper “Ən yaxşı dramatik aktrisa” kateqoriyalarının qalıbı olub.
“Ən yaxşı tammetrajlı animasiya filmi” isə “Zootopia” hesab edilib.