SİYASƏT
Los-Ancelesdə keçirilən tədbirdə Respublika Gününün Azərbaycan üçün daşıdığı önəmdən bəhs edilib
Los-Anceles, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə ölkəmizin Los-Ancelesdəki baş konsulluğu tanınmış Riviera Mərkəzində ziyafət təşkil edib.
Ziyafətdə Los-Anceles şəhəri və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin rəsmiləri, seçkili orqanların üzvləri, müxtəlif dövlətlərin baş konsulları, yerli universitetlərin və “beyin mərkəzləri”nin alimləri, nüfuzlu din xadimləri, KİV təmsilçiləri, eləcə də Azərbaycan, türk, yəhudi, Koreya və İran icmalarının fəalları iştirak ediblər.
Tədbir tanınmış opera müğənnisi, Qremmi mükafatına namizəd Demetra Mustafaoğlu tərəfindən Azərbaycanın və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.
Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 98 il öncə məhz bu tarixdə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın yaradıldığını söyləyib. Diplomat bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın tərəqqisindən danışan baş konsul Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini və müasirləşdiyini, regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb.
Kaliforniyanın xristian icmasının tanınmış din xadimlərindən olan yepiskop Xuan Karlos Mendez bir müddət əvvəl Azərbaycana səfər etdiyini və olduqca xoş təəssüratlarla qayıtdığını, ölkəmizdə gördüyü güclü multikulturalizm və dinlərarası harmoniya ənənələrini yüksək qiymətləndirdiyini vurğulayıb. Yepiskop Mendez bu ənənələrin dövlət siyasətinə çevrilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu xüsusilə qeyd edib, Azərbaycanın tolerantlıq modelinin bu gün nəinki region, həmçinin bütün dünya üçün yüksək önəm daşıdığını bildirib.
Daha sonra Los-Anceles vilayətinin nümayəndəsi Lurdes Saab, Torrens Şəhər Şurasının üzvü Haydi Enn Eşkrəft, Orinc vilayətinin nümayəndəsi Ceyms Koyl və Los-Anceles şəhər merinin nümayəndəsi Daniel Təmm çıxış edərək bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını və ABŞ-da yaşayan Azərbaycan icmasını təbrik edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər.
Tədbir bədii hissə ilə davam edib. Azərbaycan milli geyimlərini geyinmiş amerikalı gənclərin ziyafətdə iştirakı qonaqlarda böyük maraq oyadıb. Rəngarəng musiqi proqramı ilə çıxış edən Azərbaycanın istedadlı və gənc müğənnisi Çingiz Mustafayevin ifası alqışlarla qarşılanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles