MƏDƏNİYYƏT
Los-Ancelesdəki “LA Talk Live” radiosunda Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı ilə bağlı veriliş yayımlanıb VİDEO
Los-Anceles, 24 may, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən və geniş dinləyici auditoriyasına malik “LA Talk Live” radiosunun canlı efirində Azərbaycan musiqisinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına həsr olunan veriliş yayımlanıb.
Verilişin aparıcıları tanınmış çello ifaçısı, Qlendeyl Filarmoniya Orkestrinin yaradıcısı Ruslan Biryukov, eləcə də San-Bernardino Simfonik Orkestrinin dirijoru Frank Fettadır. Bu peşəkar musiqiçilərin təqdimatında efirə gedən proqramda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaq qismində çıxış edib.
Diplomat milli musiqi sənətimizin tarixindən bəhs edib, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə imza atdığını vurğulayan baş konsul bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib.
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb.
Azərbaycan musiqisinin ABŞ-da daha geniş təbliğ olunmasına baş konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat bu səpkidə 2013-cü ildə “Arşın mal alan” operettasının Los-Ancelesdə, 2014-cü ildə isə “Yeddi gözəl” baletinin San-Dieqo şəhərində keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.
Eyni zamanda, diplomat qədim tarixə malik Azərbaycan muğam məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul 1977-ci ildə Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi əsəri sırasına daxil edilərək, Voyager uçuş aparatları vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin Azərbaycan caz musiqi sənəti və onun qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından söz açıb. O bildirib ki, Azərbaycan caz məktəbinin bu gün artıq çoxlu sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr verməkdədir. Diplomat, həmçinin Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də dinləyicilərə məlumat verib.
Veriliş zamanı Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda, Rəşid Behbudovun, Müslüm Maqomayevin və Vaqif Mustafazadənin unudulmaz ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib. Əsərlərin tam şəkildə mayın 26-da efirə veriləcəyi nəzərdə tutulub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles