DÜNYA
Lozanna şəhərində İranın nüvə proqramına dair “altılıq” ölkələrinin plenar iclası keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramına dair “altılıq” ölkələri və İran arasında plenar iclas keçirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən yarım saat sürən görüş zamanı tərəflər gələcək prinsipial siyasi razılaşmanın mümkün resepturasını müzakirə ediblər.
Bir qədər əvvəl Lozannada “altılıq” ölkələrinin koordinasiya toplantısı, gecə saatlarında isə ekspertlər səviyyəsində ikitərəfli məsləhətləşmələr olub. Danışıqlarda əsas problem yenə də sanksiyalar mövzusu olaraq qalır.
Danışıqların iştirakçısı olan diplomatik mənbədən verilən məlumata görə, Tehran Lozannada İranın nüvə problemlərinin həllinə dair hərtərəfli sazişə nail olunduqdan sonra BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvi ilə yanaşı, ABŞ-dan da birtərəfli qaydada sanksiyaların ləğvinə təminat almaq istəyir.
İndiyə qədər isə “altılıq” formatında Lozannada keçirilən danışıqlarda yalnız BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvi müzakirə edilib. Belə ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı yönələn birtərəfli sanksiyaları Brüssel və Vaşinqton tərəfindən müstəqil surətdə ləğv oluna bilər.