CƏMİYYƏT
Lü Meyi: Azərbaycan nadir multikulturalizm modeli ilə ehtirama layiqdir
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı, Çin Xalq Respublikasının xüsusi statuslu bölgəsi Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da çinşünaslıq ixtisası üzrə təhsilin inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib. R.Abbasov əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin ölkəmizi dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb.
Lü Meyi qeyd edib ki, Azərbaycan kimi polietndik mühitdə cərəyan edən ideoloji prosesləri anlamaqda Azərbaycanın təcrübəsi gənclərə kömək edir. O bildirib ki, Azərbaycan əsrlərdir etnik, dini fərqliliyə bəslədiyi sevgiyə görə nadir multikulturalizm modeli ilə ehtirama layiqdir.